Qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Oxu.Az-a bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunur ki, 2014-cü il ərzində 72 turizm şirkətinə xüsusi razılıq (lisenziya) verilib. Bu şirkətlərdən 71-i Bakı şəhəri, 1-i isə Gəncə şəhəri ərazisində yerləşir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır. Bu şirkətlərin təqribən 35% gəlmə və daxili turizm, 65% isə getmə turizm növü ilə məşğul olur.
2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5% artım müşahidə olunub. Cari ildə turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub. 2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə olunan gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 mln AZN-dən artıq təşkil edib. Bu da keçən ilin analoji dövrü (14 mln AZN) ilə müqayisədə 14,3% çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 mln AZN) isə keçən ilin analoji dövrü (1,3 mln AZN) ilə müqayisədə təqribən 53,8% çox olub.