Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlikdən əlilliyin qiymətləndirilməsi ilə bağlı rədd cavabı verilməsinə dair AÇIQLAMA
Ötən dəfə dəri xəstəliyindən əziyyət çəkən Bərdə rayon sakini Məmmədov Osman Qaryağdı oğlunun dəfələrlə əllilik dərəcəsinin qiymətləndirilməsi ilə bağlı müraciətinə rədd cavabı gəldiyi barədə məlumat verdik.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova Oxu.Az-ın sorğusunu cavablandırıb.
O bildirib ki, Məmmədov Osman Qaryağdı oğlu əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu dəfə 04.11.2019 tarixində Bərdə Rayon Mərkəzi Xəstəxanasından müraciət edib:
“Şəxsin müraciətinə 27.11.2019-cu il tarixində imtina cavabı verilib. Belə ki, Osman Məmmədova məxsus forma 88-də dermatoveneroloqun rəyində sadəcə “pemfiqusun digər formaları” qeyd edilib, yəni, ixtisaslaşmış həkim rəyində xəstəliyin forması dəqiqləşdirilməyib, xəstənin hazırkı vəziyyəti barədə heç bir məlumat qeyd edilməyib.
Nəzərinizə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi forma 88-də qeyd edilən məlumatlar əsasında vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Yəni, Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertləri tərəfindən yalnız həmin forma 88-də qeyd edilən məlumatlar əsasında qərar verilir. Vətəndaş yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsindən yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət edə bilər”.
Xatırladaq ki, O.Məmmədov dörd ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Dəfələrlə xəstəliyi ilə bağlı pensiya almaq üçün müraciət etsə də, natamam məlumatlar və sənədlərin çatışmazlığı səbəbindən rədd cavabı aldığını deyib.
Könül Cəfərli
Rəylər