Azərbaycan Respublikasının Nazirlər Kabinetində “Çox uşaqlı ailələrə dövlət dəstəyinin təmin olunması haqqında” qanun layihəsi hazırlanıb.
Qanun layihəsinə əsasən Azərbaycanda 3 və daha çox uşağı olan ailələr mənzillə təmin olunacaq və xüsusi ipoteka imtiyazlarına malik olacaqlar. Həmçinin, 3 uşaqdan sonra hər bir uşağa görə, 12 minimum əmək haqqına ekvivalent birdəfəlik, yaxud aylıq müavinətin verilməsi də nəzərdə tutulur.
Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Azərbaycanda belə bir qanuna ehtiyac olmadığını deyir. M.Quliyev ölkədə sosial müdafiənin uyğunluq prinsipinə üstünlük verildiyini və bu səbəblə də ailəyə uşaqların sayına görə yox, hər bir ailənin ehtiyacına görə yardım edilməli olduğunu bildirir. Onun sözlərinə görə, ailədə uşağın çoxluğu xüsusi imtiyazlar qazanmağa səbəb ola bilməz:
“Əsas odur ki, keyfiyyətli uşaqlar doğulsun. Yəni, uşaqlar həm sağlamlıq, həm də təhsil baxımından təmin edilsinlər, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə ilə böyüsünlər. Dövlət daha çox belə məsələlərə diqqət etməlidir. Demoqrafik vəziyyətimiz kifayət qədər yaxşıdır və çoxuşaqlılıqla bağlı belə layihələrə ehtiyac olmadığını düşünürəm”.
Qeyd edək ki, belə tədbirləri daha çox əhalisinin sayında azalma müşahidə olunan ölkələr həyata keçirir.
Rusiyada ikinci uşağa görə, ailəyə 10 min dollar verilir. Uşağın yaşayış və təhsil məsələlərinə görə də, maddi yardım edilir. Türkiyədə də çoxuşaqlı ailələrə bəzi güzəştlər edilir. Bir uşaq üçün 120 lirə, iki uşaq üçün 200, üç uşaq üçün 500 və dörd uşaq üçün də 1000 lirə maddi kömək nəzərdə tutulur. Türkmənistanda çoxuşaqlı ailələrə birdəfəlik yüksək miqdarlarda pul verilir. 8 və daha çox uşağı olan analara Dövlət Ali Şərəf Medalı verilir. Həmçinin belə ailələr təbii qaz, işıq, su pulu vermir, bütün dövlət xidmətlərindən, təyyarə də daxil olmaqla bütün nəqliyyat vasitələrindən ödənişsiz istifadə edirlər. Üç və daha artıq uşağı olan ailələr də unudulmur. Onlara da lüks ev və bahalı avtomobil verilir.
Azərbaycanda isə əhalinin sayında azalma müşahidə olunmayıb. Əksinə bu sahədə son bir neçə ildir ki, sürətli artım nəzərə çarpır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yekununa əsasən Azərbaycanda əhalinin sayı son bir ildə 121,4 min nəfər artaraq 9 milyon 356,5 nəfərə çatıb. Bu da əhalinin ümumi sayına nisbətən 1,3% artım deməkdir. Bu da göstərir ki, ölkədə əhalinin sayının artırılması ilə əlaqədar bir sıara tədbirlərin, eləcə də çoxuşaqlılıqla bağlı layihənin hazırlanmasına ehtiyac yoxdur.
Sosioloq Cavid İmamoğlu isə məsələylə bağlı fərqli fikirdədir. O, belə bir layihənin hazırlanmasını müsbət hal kimi qiymətləndirir:
“Bildiyimiz ki, ailənin böhrana düşməsinə təsir edən ailədaxili faktorlardan biri çoxuşaqlılıqdır. Adətən belə ailələr aztəminatlı ailələr olurlar və onların özlərinə dəstək vermək imkanları aşağı olur. Belə olan halda hökümətin xüsusi layihə formasında onlara dəstəyi yalnız alqışlana bilər. Çoxuşaqlı ailələrə dövlət tərəfindən dəstəyin verilməsi və qanunun layihəsinin hazırlanması böhran vəziyyətində olan bu insanlara yalnız kömək rolunu oynaya bilər”.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin