Paytaxt yollarının böyük əksəriyyəti qardan təmizlənib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Qış qarajının, Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin əməkdaşları və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisinin avtomobil yollarının böyük əksəriyyəti qardan təmizlənib.
Müvafiq qurumların apardığı tədbirlərin nəticəsi olaraq Xocasən-Sumqayıt istiqamətində avtomobillərin hərəkətində yaranan problem aradan qaldırılıb.
Şöbə rəisi həmçinin bildirib ki, Xocasən-Sumqayıt istiqamətində avtomobillərin hərəkətində yaranan problemə səbəb üç yük avtomobilinin sürücülərinin səhlənkarlığı nəticəsində baş verən yol qəzası olub.
Qəza nəticəsində texniki cəhətdən nasaz olan avtomobillər yol çiynini göstərən xüsusi düzəldilən dəmir maneələrə çırpılıb. Həmin avtomobillər yolun hərəkət hissəsindən uzaqlaşdırılıb.