Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Niyazi Mehdi dəfn edilib
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi Maştağa qəbiristanlığında dəfn edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gün əməliyyat olunduğu xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Bu barədə Oxu.Az-a açıqlamasında onun qardaşı Mehdi Mehdiyev deyib.
O qeyd edib ki, bu gün qardaşının ayağı amputasiya olunmalı idi, amma axşam vəziyyəti çox ağırlaşdığı üçün həkimlər məcburiyyət qarşısında ürəyini əməliyyat etməli olublar.
"Niyazi invaziv açıq ürək əməliyyatı - TAVI (Transcatheter Aortic Valve Implantation - red.) edilib, klapan dəyişilməklə. Biz başa düşürdük ki, əməliyyat risklidir, amma etdirməli olduq. Əməliyyatın özü yaxşı keçib, amma sonrasına tab gətirməyib. Yəni bu hadisə əməliyyat vaxtı da baş verə bilərdi, sadəcə, sonra baş verdi və bu gün səhərə yaxın həyatını itirdi. Bir məsələni deyim, baxıram, bəzi saytlarda onun diabetdən əziyyət çəkdiyi də yazılıb. Çox əsassız bir fikirdir. O, dializdən müalicə alırdı, diabetdən yox", - deyə M.Mehdiyev vurğulayıb.
Niyazi Mehdinin harada dəfn olunacağına gəlincə isə o qeyd edib ki, qardaşı Maştağada torpağa tapşırılacaq.
"Övladları belə qərar veriblər. Əvvəlcə Yasamalda "Qurd qapısı" tərəfi düşünmüşdülər, bizim Binəqədidə də nəsil yerimiz var, amma onlar Maştağada dəfn etmək qərarına gəldilər", - deyə M.Mehdiyev bildirib.
Əzizə İsmayılova
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.