Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adi ilə cızma-qara edən şəxslərin görüntüləri yayılıb.
Oxu.Az görüntüləri təqdim edir:
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.
Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və "Instagram"da "temacreworiginal" adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.
Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, "Denizkala" şirkətində menecer işləyir.
Layla Muradinin atası Samir Muradi "Best Events" MMC şirkətinin baş direktorudur.
Şəfiqə Qaraşlının atası Farid Qaraşov taksi fəaliyyəti ilə məşğul olur.
Münəvvər Bərxudayevanın atası Taleh Bərxudayev isə "Hallibörton Yeureyja Limited" şirkətinin filialında xidmət operatorudur.
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B.-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə polis idarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.