Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hava şəraiti kəskin dəyişir: Güclü külək, leysan, dolu, qar
Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.
Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək.
Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.