Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Novruzun yaşıl qədəmləri - FOTOREPORTAJ
Hər səhər pəncərəni yazın üzünə açırıq, baharın ilıq nəfəsi otağa dolur. Tumurcuq-tumurcuq, qönçə-qönçə açmağa hazırlaşan budaqlara qonan qaranquşların nəğməsi eşidilir, dan yerində qırmızı tonqal qalayan Günəşin şəfəqləri yaşıl səmənili evlərə axır. Eyvana çıxan, həyətə düşən hər kəs yazın sinə dolusu havasını ciyərlərinə çəkir. Təbiətə yaz, yurdumuza Novruz gəlir!
Azərbaycan paytaxtı xalqımızın milli bayramı olan Novruzun pişvazına çıxıb!
Küçələr, yollar, prospektlər, parklar, xiyabanlar milli mədəniyyətimizin və mənəvi dünyamızın ən zəngin bayramı olan Novruzun gəlişi münasibətilə bəzədilib, şəhərdaxili yollardakı dairələrdə qırmızı qurşaqlı səməni atributları quraşdırılıb. Azneft meydanı, Cavanşir körpüsü, istirahət və gəzinti məkanları bayram libası geyinib, hər yerdə Novruz atributları göz oxşayır.
Novruz yaşıllıq, dirilik, bolluq, bərəkət, xeyirxahlıq bayramıdır. Onun qədəmləri ana torpağın sinəsinə dəyən kimi hər şey görkəmini dəyişir, gözəllik, təmizlik, xoşbəxtlik taxta çıxır.
Qoy bu bayramın qədəmləri də Zəfərə qovuşmuş xalqımıza xoşbəxtlik və səadət gətirsin, ocağımız yanar, qazanımız qaynar, süfrələrimiz ruzili-bərəkətli olsun!
Pis gözlər, bədxah nəzərlər Novruz tonqallarında çırtaçırt alışıb yansın!
Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılan 2024-cü il dünyamız, xalqımız üçün yaşıl-yaşıl arzu və ümidlərin al-əlvan çiçəklər açdığı il olsun!
AZƏRTAC-ın mövzu ilə bağlı lentə aldığı fotoları təqdim edirik: