Abşeron rayonunun Nübar qəsəbəsində sakinlərin narazılığına səbəb olan yolların abadlaşdırılması məsələsi Hökməli bələdiyyəsinin gələn il üçün tədbirlər planına daxil edilib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən verilib.
"Son dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, yaşayış məntəqələrində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə maliyyə vəsaiti ayrılıb. Hesabat dövründə ayrılmış vəsait hesabına Hökməli qəsəbəsinin 12 küçəsində Agentlik tərəfindən ümumilikdə 40 min kvadratmetr sahədə asfaltlanma işləri həyata keçirilib. Tərəfimizdən 2023-2025-ci illər ərzində Hökməli qəsəbəsi üzrə 10 küçədə 58 min kvadratmetrə yaxın sahədə asfaltlanma işləri icra olunub", - deyə məlumatda bildirilir.
Abşeron rayonunun Nübar qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Bildirilib ki, qəsəbə yollarında asfalt örtüyü olmadığı üçün yağışlı havalarda palçıq səbəbindən nə piyada, nə də nəqliyyat vasitəsi ilə küçədən istifadə etmək olur. Əraziyə taksi və təcili tibbi yardım maşınlarının çağırılması da böyük problem yaradır.

"Taksi sifariş verirsən, yaxud təcili yardım çağırırsan, küçəyə girmirlər ki, palçıqdır. Çünki girəndə çıxmaq olmur. Şəxsi maşınlar da çala-çuxurlara düşməkdən sıradan çıxır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də heç bir tədbir görən yoxdur. Ən azından bu yola xırda daşlar da tökmürlər ki, hərəkət mümkün olsun", - deyə şikayətçi bildirib.


Problemlə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.