Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nyu-Yorkda yaşayan həmvətənlərimiz Novruz bayramını qeyd ediblər - FOTO
ABŞ-nin Nyu-York şəhərində Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş gecə keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, gecədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri, Nyu-York, o cümlədən ətraf şəhər və ştatlarda yaşayan həmvətənlərimiz iştirak ediblər.
Gecədə dövlət himnimiz səslənib və Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı həmvətənlərimizə Novruz bayramı münasibətilə səmimi təbriklərini çatdırıb.
Təşkilat sədri qeyd edib ki, Novruz bayramının uzaq Amerikada qeyd olunması öz adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə böyük əhəmiyyət kəsb edir:
“Biz artıq qürurla və fəxr hissi ilə Novruz bayramını bütöv və suveren Azərbaycanın övladları kimi qeyd edirik. Azərbaycan bizim nəfəsimizdir və biz dünyanın harasında yaşamağımızdan asılı olmayaraq öz adət-ənənələrimizi qoruyub saxlayıb, gənc nəsillərimizə ötürəcəyik”.
Gecədə çıxış edən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının vitse-prezidenti Esmira Əsgərova qeyd edib ki, məhz bundan 14 il öncə 2010-cu ildə Azərbaycanın təşəbbüsü və BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olunub:
“Bu gün dünyada milyonlarla insanın qeyd etdiyi bu bayramın rəsmiləşməsi məhz ölkəmiz Azərbaycanın adı ilə bağlıdır. Biz fəxr edirik ki, Amerikada milli kimlikləri ilə bir yumruq ətrafında birləşən Azərbaycan gəncliyi var və biz Azərbaycan var olduqca daima öz ölkəmizin səsi və nəfəsi olmağa davam edəcəyik”.
Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın ifasında konsert proqramı təqdim edilib, gənc musiqiçilər Samir Quliyev, Veronika Yakubova və Ülviyyə Rəhimovanın ifasında şən Azərbaycan mahnılar ifa olunub. Gecədə həmçinin Drezden simfonik orkestrinin solisti və Norveç Musiqiçilər Birliyinin üzvü Şəbnəm Hüseyn kamançada ifa edib. Qonaqlara milli mətbəximizin təamları və Novruz şirniyyatları təqdim olunub.
Rəylər