29 oktyabr 2025-ci ildə Nine Senses qalereyasında tanınmış rəssam Ramina Saadətxanın "Od, Su və Öpüşlər" adlı sərgisinin açılışı keçiriləcək.
Oxu.Az xəbər verir ki, rəssamın yeni silsilə əsərləri - ruhu təmizləyən və bizi "bədən dilini" anlamağa yaxınlaşdıran ilkin və sadə təbiət ünsürlərinə poetik bir toxunuş cəhdidir.
Su əbədi axıcılığı ilə dünyanı simvolizə edir. O, bizə zorakılıq və qarşıdurma olmadan problemləri həll etməyi, ətraf mühitlə ziddiyyətə deyil, harmoniya içində hərəkət etməyi öyrədir. Su dəyişikliklərə açıqdır; dünya daim dəyişsə də, o, hər zaman uyğunlaşmağı bacarır. Onun əbədi dərsləri - təvazökarlıq, harmoniya və açıqlıqdır.
Bədənlərimiz sudan, ruhlarımız isə oddan ibarətdir. Onlar oddan doğulur və oda qayıdır. Od da su kimi canlı bir ünsürdür - daim dəyişən, daim yaşayan. Onların əbədi qarşılıqlı əlaqəsi həyatın öz dialektikasını əks etdirir: mübarizənin, yenilənmənin və ziddiyyətlərin birliyinin bir arada mövcud olduğu bir kainat.
"Od, Su və Öpüşlər" sərgisi vasitəsilə Ramina bədən və ruh, ünsürlər və emosiyalar arasında dialoqu açır, tamaşaçıları harmoniyanın sonsuz hərəkətdən doğulduğu kontrastlar dünyasına dəvət edir.
Bu bədii ifadə insanın təbiətə qarşı deyil, onun davamı olduğu fikrini əks etdirir. Hər birimizin daxilində həm yaradılış, həm vəhşilik, həm yaddaş, həm də yenilənmə enerjisi yaşayır.
Bu sərgi müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş genişmiqyaslı "Art Weekend" proqramının bir hissəsidir.
Sərgi "For Azerbaijan" təşkilatının dəstəyi ilə həyata keçirilir.
Müəllifin "Uomo Natura" adlı ekspozisiyasının birinci hissəsi hazırda Sea Breeze art-mərkəzinin filialında nümayiş olunur.
Xatırladaq ki, 2022-ci ildə onun "Xaosun enerjisi" adlı əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan pavilyonunda təqdim olunmuşdu və bu, rəssamın beynəlxalq yaradıcılıq karyerasında mühüm mərhələ olmuşdu.
Ramina Səadətxanın "Od, Su və Öpüşlər" sərgisi 29.10.2025-ci il saat: 18:00 Nine Senses Art Centerdə, JW Marriott Absheron, Neftçilər prospekti 99A ünvanında baş tutacaq.
