Odessada yaşayan azərbaycanlılar Ukrayna milliyyətçiləri tərəfindən “qafqazlı görünüşü” olanlara qarşı davam edən repressiyalardan narahatdırlar.
“Biz 90-cı illərdə doğma Azərbaycanımızda qanlı hadisələrin şahidi olan ukraynalı azərbaycanlılarıq və müharibənin nəticələrini başqalarından daha yaxşı anlayırıq. Odessanın radikal yönümlü liderlərinə, bütün şəhər üçün gözlənilməz nəticələri ola biləcək, heç nəyə əsaslanmayan aqressiyanı dayandırmaq üçün qətiyyətli çağırışla müraciət edirik.
Mən eləcə də Odessanı ikinci vətən hesab edən bütün qafqazlıları birləşməyə və alçaqlara bizim sevimli şəhərimizin sakitliyini pozmağa imkan verməməyə çağırıram”, - odessalı sahibkar Abbasov Elnur Rezvan oğlu jurnalistlərə bildirib, news24ua.com xəbər verir.
Odessada yaşayan azərbaycanlı sahibkarların sözlərinə görə, radikal yönümlü təşkilatlar şəhərdə vəziyyətin gərginləşdirilməsi planlarından nəinki əl çəkməyiblər, hətta beynəlmiləl şəhərin ərazisində hərbi iştirakı artırmağa və “insanlığa xas olmayan qəddar cinayətləri” ilə dinc əhalini qorxutmaq üçün müxtəlif addımlar atmağa davam edirlər.
“Bu gün biz, Ukrayna vətəndaşı olan azərbaycanlılar, ağrı və təəssüflə qeyd edirik ki, aşkar aqressiya, yeni qüvvə ilə davam edir. Görünüşə görə, hüquq mühafizə orqanları öz laqeydlikləri və fəaliyyətsizlikləri ilə proqres və hərtərəfli inkişafı dayandırmaq üçün hər şey edirlər. Mən Kiyevin Ukrayna və Azərbaycan xalqı arasında əsrlərdən bəri mövcud olan dostluğu darmadağın etmək taktikasını seçməsindən, xalqlarımız arasında bilərəkdən yadlaşma və qarşılıqlı nifrəti yaratmasından çox narahatam”, - Abbasov qeyd edib.
Xatırladaq ki, yarım il bundan öncə Odessanın mikrorayonlarından biri - Luzanovkada yerləşən barların birində azərbaycanlılar və Avtomaydan fəalları arasında kütləvi dava olmuşdu.
Şahidlərin mülahizələrinə görə, dava radikallar tərəfindən qafqazlıları döymək üçün təşviq edilib. Qafqazlılar hesab edir ki, məhz o davadan sonra yerli əhali arasında digər xalqların nümayəndələrinə qarşı neqativ münasibət yaranıb, eləcə də əvvəllər sülh və razılıq içərisində yaşayan xalqlar arasında düşmənçilik yaratmaq və şəhərdə qeyri-sabit vəziyyət yaratmaq üçün qanunsuz addımlar atılır.