Oğuzda köhnə qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
O qeyd edib ki, rayonun Muxas kəndi ərazisində yerləşən qəbiristanlıqda ağacların kəsilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Həmin əraziyə baxış keçirilib və təbiətə vurulan maddi ziyanın məbləğinin hesablanması məqsədilə müvafiq ekspertiza təyin edilib.
İlkin araşdırma zamanı ağacların iki nəfər kənd sakini tərəfindən kəsildiyi məlum olub və hazırda araşdırmalar davam etdirilir.
09:40
Oğuz rayonunun Muxas kəndi ərazisində yerləşən üç qədim qəbiristanlıqda ağaclar kəsilib. Ağacların kəsilməsi faktları kəndin girəcəyində olan iki qədim və kənddən uzaq məsafədə yerləşən və hazırda dəfnlərin icra olunmadığı qəbiristanlıq ərazisində qeydə alınıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, 18-i irigövdəli olmaqla, ümumi sayı 60-a yaxın olan ağacların qanunsuz olaraq kəsilməsi ehtimal olunur.
Muxas Kənd Bələdiyyəsinin sədri Ramiz Məmmədov ağacların kəsilməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, ağacların qanunsuz kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib:
“Mən faktı aşkarladıqda, dərhal polis şöbəsinə məlumat verdim. Hazırda bununla bağlı araşdırma aparılır”.