Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ölüm, ya peyvənd: Qızılca ilə mübarizə necə aparılır? - REPORTAJ + FOTO
Son bir neçə aydır qızılcaya yoluxma halları artıb. Bu da təbii olaraq cəmiyyətdə təlaş yaradır. Valideynlər xüsusilə məktəb və bağça yaşlarında olan uşaqlarını ehtiyat edərək dərsə buraxmaq istəmirlər.
Hətta könüllü iltizam yazaraq vaksindən imtina etmiş valideynlər belə, ərazi üzrə sahə həkiminə müraciət edib, övladlarına qızılcaya qarşı peyvənd vurdururlar.
Uşaqların peyvəndlənməsi ilə bağlı vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşları Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Uşaq Poliklinikasına üz tutublar.
Poliklinikanın qarşısında valideynlər qızılca əleyhinə vaksin vurdurmaq üçün növbə gözləyirlər. Onların əksəriyyəti çəkilişə razı olmasa da, rəylərini bölüşürlər.
Peyvənd vurdurmaq istəyən vətəndaşların çoxu deyir ki, səhər tezdən gəliblər, amma həmin vaxt poliklinikanın həyətində artıq böyük növbə var imiş.
Qızılcaya yoluxan uşaqların əksəriyyəti peyvənd olunmayanlardır
Poliklinikaya daxil olub, sahə həkimi, pediatr İlhamə Rəsulova ilə görüşürük. Həkim deyir ki, son bir ay ərzində 20-yə yaxın qızılcaya yoluxma faktı ilə qarşılaşıb:
“Peyvəndlənmə olan illərdə biz ildə bir, ya iki qızılcaya yoluxma faktı ilə rastlaşırdıq. Hazırda qızılcanın epidemik vəziyyət alması hətta rəsmi imtinası olan, vaksinlərə etibar etməyən valideynlərin də peyvəndlərə müraciət etmələrinə səbəb olub.
Gün ərzində, demək olar ki, iki-üç qızılcaya yoluxma faktı ilə qarşılaşırıq. Bu, bütün dünyada belədir. Bizim sahə üzrə qızılcaya yoluxan uşaqlar arasında bir nəfərin belə tam peyvəndi yoxdur. Yoluxanların bir qismi ancaq bir doza vaksin alanlar, digər qismi isə ümumiyyətlə peyvənd olunmayanlardır. Qızılca xəstəliyinin bütün dünyada bir anda alovlanmasının səbəbi 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ardıcıl iki il peyvəndlənmə proseslərinin axsaması oldu”.
Sürətli həll yolu insanlarda səhv təəssürat yaradıb
Həkim-pediatrın sözlərinə görə, valideynlərin peyvəndlərə inamsızlığı bir az da ilk vaxtlar çox təhlükəli olan COVID-19 infeksiyasına qısa zamanda vaksinlərin tapılması oldu:
“İnsanlar düşündülər ki, necə oldu ki, xəstəlik yaranandan qısa müddət sonra vaksin tapıldı? Təəssüf ki, bu məqam COVID-19 infeksiyasından öncə ənənəvi olaraq tətbiq edilən peyvəndlərə qarşı da inamsızlığa səbəb oldu. İnternetdə yayılan əsassız məlumatlar onların fikirlərini qarışdırdı. Amma yaxşı olar ki, qulaqdan-qulağa yayılan söhbətlərə deyil, elmi əsası olan məsələlərə inansınlar”.
Bir vaksin iki yoluxucu xəstəlikdə tətbiq olunur
Qızılca əleyhinə olan peyvəndin başqa yoluxucu xəstəliklərə qarşı da müqavimət yaradıb-yaratmadığını soruşuruq. İ.Rəsulova bildirir ki, parotit (“svinka”, “donuz xəstəliyi”) və qızılca əleyhinə tətbiq edilən vaksinlər eynidir:
“Qızılca hava-damcı yolu ilə keçir və yoluxuculuq qabiliyyəti güclü olan xəstəlikdir. Belə izah edim ki, qızılcaya yoluxan bir uşaq hansısa bir məkanda gəzirsə, virus ən azı iki saat ərzində həmin ərazidə havada qalır. İki saat ərzində oradan sağlam uşaq keçərsə, xəstəliyə yoluxma riski 90 faizdir.
Əslində, bütün peyvəndlər uşağın altı aylığına qədər vurulsa, yaxşıdır. Bu, bütün dünyada belədir. Çünki altı ayından sonra uşaqlar diş çıxarmağa başlayırlar. Eləcə də sinir sisteminin həssas dönəmləri başlayır. Hansı uşaqların ki peyvəndi iki aylığında başlayıb, altı ayına qədər bitir, onların immun sistemi güclü olur və peyvəndin yan təsirləri olmur. Parotit və qızılca peyvəndi uşaqlara bir və altı yaşlarında vurularsa, 97 faiz ömürlük immunitet yaradır. Virusdan qorunmağın yeganə yolu peyvənddir.
Artıq 11 yaşa qədər uşaqlara peyvəndlərin vurulmasına başlanılıb. Ayın 29-da isə 11-17 yaş aralığında uşaqlara qızılca və məxmərək əleyhinə vaksinlərin vurulmasına start veriləcək. Ərazi üzrə 11-17 yaş aralığında uşaqların qeydiyyatına başlanılıb. Peyvənddən kənarda qalan uşaqların bu prosesə cəlb edilməsi ilə bağlı tədbir görülür”.
Hər səpgi allergiya deyil
Həkimin sözlərinə görə, insanların orqanizmi individualdır:
“Bəzən insanlar xəstəliklərin simptomlarını qarışıq saldıqları üçün biz sahə üzrə evlərə gedir, telefon vasitəsi ilə valideynlərlə əlaqə yaradırıq. Uşaqda hər hansı ilkin simptomlar varsa, onun dərhal həkim müayinəsinə gətirilməsini tövsiyə edirik. Qızılca asqıraq, öskürək, gözlərin qızarması, üzdə zəif qızartı, burun axmaları və s. ilə başlayır. Təəssüf ki, valideynlər bunu qrip hesab edib, həkimə müraciət etmək istəmirlər. Həmin uşaq artıq qızılcaya yoluxub, amma valideyn bunu yalnız səpgilər yarananda bilir. Bu zaman isə artıq uşaq dörd-beş gün ərzində bir neçə nəfəri yoluxdurmuş olur. Qızılcanın səpgiləri dörd gün sonra başlayır. Ümumilikdə isə qızılcaya yoluxmuş uşaq maksimum səkkiz-on gün ərzində insanları yoluxdura bilirlər.
Eləcə də, insanlar nədənsə qızılca səpgilərinin qarın nahiyəsindən başladığına inanırlar. Amma bu, yanlış məlumatdır. Tipik qızılca xəstəliyi zamanı səpgilər baş nahiyəsində, qulağın arxası və burun ətrafında yaranır. Üç gün ərzində səpgilər mərhələli şəkildə baş, yuxarı ətraf, gövdə və sonda ayaqlara yayılır. Bu zaman hərarət 39 dərəcədən yüksək olur. Qızılcanın səpgiləri allergik səpkilərdən fərqli olaraq, bir-birinə bitişmiş təəssüratı yaradır”.
Qızılca xəstəliyi ölümlə nəticələnə bilər
İ.Rəsulova deyir ki, qızılcaya nə qədər sadə uşaq infeksion xəstəliyi deyilsə də, fəsadları ağır ola bilir:
“Ən yüngül ağırlaşması pnevmoniyadır. Daha ağırı meningit, ensefalitdir, ölümə də səbəb ola bilir. Ona görə də hər səpgiyə allergiya deyib, uşağa həkim nəzarəti olmadan dərman vermək olmaz”.
“Mən iynədən qorxmuram!”
Peyvənd otağına da baş çəkirik. Burada balacalar bir-bir vaksin olunurlar. Bəziləri dodaqlarını büzsələr də, aralarında qoçaqları da az deyil. Elə bizi görəndə: “Mən iynədən qorxmuram!” - deyən Amin kimi.
Uşaqlarınızı qızılcadan və onun ağırlaşmalarından qorumaq istəyirsinizsə, yubanmadan peyvəndləri vurdurun.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər