Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
On milyonuncu Azərbaycan vətəndaşı bu tarixdə doğulacaq
Azərbaycanın on milyonuncu vətəndaşının bu ilin martın ayının sonu, aprelin əvvəlində doğulacağını gözləyirik. Ümumilikdə, əhalinin təbii artım tempində azalma müşahidə edilir.
Oxu.Az-ın sualını cavablandıran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sözlərinə görə, əhalinin artım tempinin təhlili ilə bağlı müvafiq qurumlar bir araya gələcəklər:
“Ədliyyə, Səhiyyə nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir.
2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 təşkil edirdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək”, - deyə Komitə rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az-ın apardığı araşdırmaya görə, ölkə əhalisi 10 milyonluq həddi 2019-cu ilin iyun-iyul aylarında aşacaq.
İlhamə Abdullayeva
Rəylər