...Onlar 16 ətirli güldür. Bir gülüşlə onların sevgilərini qazanmaq, ürəklərinə yol tapmaq ən asan işdir.
Qarşılıqsız, heç bir təmənna ummadan saf sevgidir onların sevgisi. Ağ rəng qədər təmizdir, hər cür çirkinliklərdən uzaqdır onların uşaq dünyası.
Bir neçə ay bundan öncə bu ətirli güllərin bir qismi ilə görüşdüm. Və nə təsadüf ki, onların çöhrələrində gördüyüm pak gülüş və təbəssüm, mənə boylanan qəribə baxışların tilsimi məni bir daha onlarla görüşdürdü.
Onların bu baxışları qarşısında gülümsündüm, bir gülümsəmə onların gözlərində həyat eşqinin nə qədər dərin olduğunu büruzə verdi. Öz-özümə düşündüm: axı onlara qarşı sevgi dolu olmaq, üzlərini güldürmək çətin bir iş deyil.
Bura Qanköçürmə İnstitutunda leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicə aldığı şöbədir.
Dəhliz boyu sevdikləri cizgi filmlərinin qəhrəmanlarının şəkilləri divarları bəzəyir. Yeni il bəzəkləri də öz yerindədir. Hər bir otağı valideynlər şam ağacı, müxtəlif dekorasiyalarla bəzəyib. Gəzdiyim bütün palatalar səliqəli və işıqlıdır. Qapıya dikilən mələklərin gözlərinin sevinc işartısının olması üçün isə bircə kiçik səbəb lazım...

Qısa haşiyə: Bir gün “Whatsapp” nömrəmə belə bir mesaj gəldi:
“İlhamə, salam. Səndən bir xahişim var. Bu gün palatada müalicə alan uşaqlarımızın öz aralarında söhbətinin şahidi oldum. Uşaqlar deyir ki, Yeni ildə Şaxta baba və Qar qızı görmək onların arzusudur.
Onların bu arzusunu Yeni ildə reallaşdırmaq mümkündürmü?” Bu, uşağı müalicə alan və reportaj üçün müsahibə aldığım ana idi. Onun titrəyiş dolu səsi məni də kövrəltdi. Və elə həmin anda ananın bu müraciəti ilə bağlı dostlara “Facebook” səhifəmdə status yazdım.
“Güc birlikdədir”- deyiminə uyğun olaraq, dostların da bu nəcib işə könül vermələrini xahiş etdim. Məncə, pak və sevgi dolu olan, həyatlarının bu erkən yaşlarında yaşamaq uğrunda mübarizə aparan bu uşaqları sevindirmək dünyanın ən asan, həm də ən xeyirxah addımıdır.
Ətrafımda olan insanların köməyi ilə öz dünyaları olan bu uşaqların üzünü az da olsa güldürə bildik.

Şaxta baba və Qar qızın gəlişi palataları gülüş və sevincə qərq etdi. Bayaqdan analarının sifətinə baxıb, “ana, ağrıdır” deyə zərif əlləri deşik-deşik olan uşaqların gözləri güldü, aldıqları dərman və davanın acısı sanki yadlarından çıxdı. “Sağ ol Şaxta baba” deyən uşaqlar otaqda canlanma yaratdılar.
Kimi şeir dedi, kimi mahnı oxudu. Bu günü yaddaşlarında əbədiləşdirmək üçün demək olar ki, hamısı şəkil çəkdirdilər. Onların üzlərinin gülməsi gecə-gündüz övladlarının başı üstündə durub keşik çəkən, bəzən kövrəlib ağlayan, lakin uşaqları görməsin deyə tez gözlərini silən fədakar anaların da ürəyincə oldu.
Şaxta babanın və Qar qızın boxçasından çıxan hədiyyələr 16 sevgi dolu çiçəyin qəlbini sevindirdi.
Uşaqların təbəssümü, şaqraq gülüşləri palatalara hərarət gətirdi sanki. Duyğulanmışdım. Son palatadan çıxanda dəhlizdə qarşılaşdığım analardan biri mənə baxırdı, sözlü adama oxşayırdı. Addımlarımı yavaşıtdım. Qadın yaxınlaşıb “Bu uşaqların bayramda sevinməsi biz analar üçün dünya boyda sevincdir. Təşəkkür edirəm” titrək təsirli səslə deməsi məni də kövrəltdi.
“O nə demək, borcumuzdur, hər bir uşaq bir çiçəkdir”, - deyə bildim.
Bəs siz bu cür ürəkləri sevgi dolu və həyata var-gücləri ilə sarılmağa çalışan uşaqları sevindirmək istəyirsinizmi?!
İlhamə Əbülfət