İnsan ağlına gəlməyəcəyi şeyləri düşünür, amma başına gələ biləcəyi şeyləri heç düşünmür. Bəlkə də, qismət deyib keçirik, bəlkə də özümü qorumadım deyən hallarımız da olur.
Amma nəticəni isə çox vaxt təəssüf hissi ilə anmış oluruq. Bilmirəm ölüm cavanlaşıb, ya biz ölümə qaçırıq, nəticədə gənc birini itirmiş oluruq. Vüqarın etdikləri az deyildi, edə biləcəkləri də çox idi və edə biləcəyi uğurları da qalmışdı. Həyata keçməsini istədiyi arzuları da vardı, amma olmadı. Bəlkə də, soyuqqanlı olmağa çalışmalıyıq. Çünki bir gəncin ölümünü başqa cür qəbul etmək olmur. Vüqarı belə xatırlayıram:
2010-cu il idi. İşə gəldim. Rejissor məndən soruşanda ki, çəkilişimiz kiminlə olacaq, hansı idmançıdır, dedim ki, bu dəfə döyüşlərlə yox, şahmatla bağlı olsun mövzumuz. Həm də müsahibəni çox maraqlı bir şahmatçı ilə edəcəyik.
Zəng elədim Vüqara, telefonu qaldıranda o səsi heç unutmaram. Həmişə səsi o qədər ciddi gəlirdi ki, çox az hallarda gülərdi. Gülüşü isə ölümü kimi sakin, səssiz idi.
Müsahibəni yazdıq, çəkilişimizi etdik. Mənə söylədi ki, “mən həmişə çəkilişdən, müsahibələrdən qaçmağa çalışıram, amma bu müsahibədən sonra qaçmayacam”. Bu sözləri dedi və güldü. Ardıyca, “hər dəfə Bakıda olanda məndən müsahibə götürərsən. Düzdü, Bakıda az oluram, amma çalışacam ki, alınsın” - dedi. Vüqar verdiyi sözlərə əməl edirdi.
Söz vermişdi ki, sağalım, özümə gəlim mütləq müsahibə edək, lakin sözünü tutmadı. Bu dəfə sözünün üstündə durmaq onun əlində deyildi. Çarəsiz olsaq da qəbul edirik.
Hər kəs onu uğurlu gənc kimi tanıyır və bu belə də qalacaq. Aramızda olmaya bilər, amma biz onu unuda bilmərik, çünki o, unudulmağa layiq biri deyil. Hər oyunda şahı mat qoyan Vüqar bu dəfə bizi mat qoydu. Bu elə sükut idi ki, bir də heç vaxt o sükut pozulmayacaqdı. Bu gün dostları, ailəsi, sevdiyi insanlar - hər kəs Vüqardı. Adı kimi Vüqarlı oğlan.
Bu gün o otaqlar Vüqarı həmişəki kimi qarşılamadı. Hər divarda rəsmləri, hər otaqda xatirələri var idi Vüqarın. Bu gün o otaqlar Vüqarı son mənzilə yola saldı. Sanki otaqlar, divarlar belə sükuta qərq olmuşdu və bir də heç vaxt dönməyəcəyi bu məkan onun xatirələri ilə yaddaşlara həkk olundu.
Biz Vüqar üçün dua edib, Allahdan rəhmət diləyirik.
Nərmin Kazımova
www.oxu.az