Bu gün “APA-Holding”ə daxil olan Azəri-Press Agentliyinin (APA) yaranmasının 9 ili tamam olur.
Oxu.Az xəbər verir ki, APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir.
İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi bülletenlər hazırlayır, foto və video xidməti göstərir.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqda razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya respublikalarında ofisləri fəaliyyət göstərir.
Agentlik Avropa Şurasında, Dövlət Departamentində, Rusiya XİN-də rəsmi qeydiyyatdan keçib.
APA dünyanın bir çox analitik mərkəzləri, o cümlədən ABŞ-ın “Stratfor” Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir.