Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin iyun ayı ərzində 2108 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Oxu.Az-a xidmətdən verilən məlumata görə, onlardan 20-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 137 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
Bundan əlavə, 1653 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərketmələri, 298 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində xidmətə 8382 müraciət daxil olub.
Xidmət qeyd edib ki, müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 69 947 əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı ,ölkə ərazisində fəaliyyət göstərən 20 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 19 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.
Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Ülviyyə R. Əli
www.oxu.az