Kubra Məhərrəmova yazır...
Anam həmişə deyərdi ki, "a bala, dağıtmayın, sındırmayın, özümlə aparmayacağam ki, sizə qalacaq".
Açığı indi də görürsən dəyər vermirəm əşyalara. Asan başa gəlib axı. Əziyyətin çəkməmişəm, hazıra nazir oturmuşam. Yeyib-içmişəm, valideynlərimin hesabına ortada fırlamışam. Yəqin ona görə də qədrini bilmirəm.
Amma əziyyət-zillətlə qazansaydım, bir mıxına belə qıymazdım, qədrini bilərdim.
Məlum hadisəni görəndə ilk düşündüyüm elə bu oldu. Qədrini bilmirik yaxşı şeylərin. Ümumiyyətlə cəmiyyət olaraq beləyik. Ağaclarda bıçaqla ad yazmaq, küçədə-parklardakı oturacaqları, avtobus dayanacaqlarını zədələmək, yerə zibil atmaq, avtobusda oturacaqları bıçaqla kəsmək, say-say bitməz. Ziyanvericilik kimi qədim ənənəmiz var bizim.
Bir də qeyd edirəm, bütün bu zəngin əməllərin hamısına imza atan da elə özümüzük. Ölkəmizdə miqrantlar da çox deyil ki, onların üstünə ataq.
Yeni il ərəfəsində bir çox insanın arzusu yeni evə, ocağa köçməkdir. Elə mənim də ən böyük xəyalım bu olub. Bu arada öz doğma yurduna köçənləri də təbrik edirəm. Sağlıqla, xoşbəxtliklə, doya-doya yaşayın, bu, sizin haqqınızdır. Həm də borcunuzdur ki, olanların qədrini bilib onu daha da inkişaf etdirəsiniz.
Kəngərliyə qayıtmış hər ailəyə 12 sot torpaq və yaşayış üçün ev verilib, yollar çəkilib.
Ağdamın Kəngərli kəndinə köçən Murad Rüstəmov keçmiş məcburi köçkünlər üçün tikilmiş evlərin guya yanğın təhlükəsizliyinə cavab verməməsi ilə bağlı sosial şəbəkələrdə paylaşım edib. Özü də deyir ki, "uşaq manqalı yandırıb divarın dibində, divar da əriyib".
Təzəlikcə evə köçəsən, durub evin divarını yandırasan... Yəqin atası o evi o uşağa qoymayacaq deyə, uşaq da acığa evi yandırmağı qərara alıb.
"Mənə - yox, heç kimə - yox", - deyib od qoyub. Evə də, atasına da.

Ata da deyir ki, "bəs tikinti materialları keyfiyyətsiz olduğu üçün, evin divarı alovlanıb".
Əziz Ağdamın Kəngərli kəndinə köçən Murad Rüstəmov, siz ola bilsin yanğın görməmisiniz. Amma yadınıza salım. Noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov, 19A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində üç nəfər həyatını itirdi. Onlardan biri balaca qız idi - 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli.
Xeyli sayda adam xəstəxanalıq oldu, hələ də müalicələri davam etdirilir. Baxın, o binada heç bir təhlükəsizlik qaydalarına riayət olunmamışdı. Tikinti materialları da bir göz qırpımında alovlandı, məhv etdi insanları. Allah hər birinə rəhmət eləsin.
Amma Kəngərlidəki evlərin quruluşu da, görünüşü də bir başqa əminlik verir insanlara.
Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Şəxsən görülən işlərlə tanış olub, hesabat birbaşa ölkə başçısına verilib.
Yeni şəhərlər, yeni qəsəbələr, yollar Qarabağı dirçəldir, böyüdür, inkişaf etdirir.
İşıq, qaz, su, internet xətləri çəkilir. Məktəblər, xəstəxanalar tikilir. Daşı-daş üstə qalmayan Ağdam 30 ildən sonra yavaş-yavaş bərq vurmağa başlayır.
Ağdam hər zaman Qarabağın döyünən ürəyi, ticarət mərkəzi olub. Hələ Sovet dövründə deyirdilər ki, Ağdam bazarında tank lüləyi belə tapa bilərsən.
Ağdamın camaatı həmişə belə zirək, tikib-quran olub. O vaxt Xankəndidə yaşayan ermənilər Ağdam camaatının zəhmindən, qorxusundan həmişə çəkiniblər. Ən çox şəhid verən də Ağdam rayonu olub. Qarabağ müharibəsində ətraf rayonlara, oradan məcburi köçkünlərə də ən çox əl yetirən Ağdam olub. Xocalı faciəsindən tutmuş son ana qədər. Və indi o kişilərin davamçılarının belə danışığını eşitmək adama xoş gəlmir.
Aylarla ac-susuz, silah-sursatsız müqavimət göstərən ağdamlıları yada salın, Ağdam uğrunda bu 30 ildə canından keçənləri yada salın. O kişilər düşmənə elə od qoymuşdu ki, ermənilər hələ də onlardan danışırlar! İndikilər də manqala od qoyur, sonra da deyir ki, "ev yandı".
Çoxu üçün yeni ev, həyət-baca, güzəran yeni ümid və həyat deməkdir. Düşünürəm ki, bu yeni evlərə, həyətlərə köç edərkən beyni, ruhu da təzələmək, yeniləmək lazımdır. O evlərin daş-divarlarını sevmək lazımdır, dəyər vermək lazımdır.
Evin divarına yox, düşmənə od qoymaq lazımdır.