Əziz oxucular, bildiyimiz kimi, 3 iyul tarixində Azərbaycanda Gəncə şəhərinin İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev və onun mühafizəçisi silahlı hücuma məruz qalıb.
1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun açdığı atəş nəticəsində icra başçısı və onun mühafizəçisi yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə barədə ilk məlumatı Azərbaycan oxucularına məhz Oxu.Az xəbər portalı çatdırıb.
Hadisənin əhəmiyyətini nəzərə alaraq, Oxu.Az bu insidenti izləyərək, oxucularını yeni faktlar barədə məlumatlandırıb, bu zaman jurnalistika prinsiplərini rəhbər tutaraq, təqdim etdiyi faktlar bir neçə mənbədən yoxlanılıb.
Bu yenilənmələr zamanı Oxu.Az həm öz mənbələri, həm də digər mətbu orqanların məlumatlarına istinad edib.
Belə məlumatlardan birində icra başçısı Elmar Vəliyevin aldığı yaradan vəfat etdiyi barədə məlumat olub və Oxu.Az həmin məlumatı sonadək yoxlamadan, istinadla tirajlayıb.
Lakin sonradan E. Vəliyevin guya vəfat etməsi ilə bağlı həmin məlumat həqiqətə uyğun olmadığı üçün Oxu.Az xəbər portalından silinib.
Oxu.Az xəbər portalı olaraq, yaranmış vəziyyətə və yanlış məlumatın yayılmasına görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən və onun doğmalarından üzr istəyir, Allahdan tezliklə şəfa tapmasını diləyirik.
Oxu.Az xəbər portalının redaksiyası