I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər müşahidə kameraları ilə qeydə alınacaq və onların cərimələnmələri barədə müvafiq protokol qeydiyyat ünvanlarına göndəriləcək.
Bu barədə Oxu.Az Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, yol polisinin nəzarətindən kənar yerlərdə “oyunlar zolağına” daxil olan sürücülər bu yolla cərimələnəcəklər.
Bundan başqa, I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) nəqliyyat məsələləri üzrə koordinatoru Afaq Hüseynlinin bildirdiyinə görə, Oyunlara bilet əldə edən vətəndaşlar Qış bulvarında və Gənclik metrosu yaxınlığında yerləşən yeraltı dayanacaqda güzəştli parklanmadan yararlana bilər
“Həmin şəxslər bileti yaxud elektron bilet alınıbsa, bunu təsdiq edən sənədi və şəxsiyyət vəsiqəsini təqdim etməklə, 24 saat ərzində 1 manat ödəniş etməklə avtomobillərini həmin ərazidə saxlaya bilərlər”, - deyə, o, bildirib.
Qeyd edək ki, mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulub. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar.