Emilya Tağıyeva yazır...
Səhhətimlə əlaqədar bir neçə gün evdə qalmalı oldum və uzun müddətdən bəri ilk dəfə tok-şoulara baxdım. Verilişlərdə ən çox diqqətimi çəkən məqam isə qınaq oldu; kimliyindən, peşəsindən asılı olmayaraq hər kəs hamını yeri gəldi-gəlmədi danlayır, tənqid edirdi.
Biz niyə qınayırıq? Belə tənqidlər lazımdırmı?
Diqqətlə düşünəndə bəzi hallarda, məsələn uşağa təhsil verməmək, erkən nikah, övladdan, ata-anadan imtina, yaşlılara hörmətsizlik, ailədə kobud davranış və sair hallarda qınaq hətta vacibdir. Belə ictimai qınaqlar böyük faciələrin, cinayətlərin qarşısını almaq qüdrətinə malikdir.
Ancaq bəzən elə də olur ki, insanlar başqalarını özünə bənzəmədiyi üçün tənqid edir. Məsələn, evdə bütün işlərini vaxtında çatdıran beş uşaqlı Güllü xala bir uşağı özünə kifayət bilən Aytəni qınayır, uşaqları xatirinə ərinin kobud rəftarına, saymazlığına dözən Sərvinaz həyat yoldaşından istədiyi diqqəti almadığı üçün ayrılmaq qərarına gələn Nazlını tənqid edir, bütün gününü sahədə keçirdərək kartof əkən Zakir dayı ağacın dibini bellədiyi üçün əli suluq bağlayan Nazimə gülür, radikal feminist ailəsinə, övladlarına görə karyerasından imtina edən birini anlamır, ictimai nəqliyyatdan istifadə edən biri kirayədə yaşamasına rəğmən kreditə bahalı avtomobil götürəni başa düşmür…
Oxşar misalları istənilən qədər uzatmaq olar. Halbuki sadalananların hər biri məsələyə öz prizmasından baxır və qarşı tərəf anlamasa belə, özü üçün haqlıdır. Əslində isə qarşı tərəfin bunu anlaması vacib deyil. Axı hər kəsin özünəməxsus psixologiyası, inkişaf səviyyəsi, enerjisi, gücü, zəif nöqtəsi, zövqü, qabiliyyəti, tərbiyəsi, dözümü və mentaliteti var.
Ancaq nədənsə bir çoxları məsələyə subyektiv yanaşır, özünü nümunə göstərir.
Bəs qınamaq hissi nədən yaranır? İnsan hansı səbəbdən öz problemlərini həll etmək əvəzinə, başqasının gözündəki tükü seçir?
Bunun səbəbləri çox ola bilər; məsələn, başqalarını manipulyasiya istəyi, yaxud özünü yüksək qiymətləndirmə (başqalarını tənqidlə insanlar daxilən öz məninə və ətrafındakılara daha yaxşı olduqlarını sübut edirlər), bəzən də insanın özünün xoşuna gəlmədiyini dəyişməyə can atması...
Səbəb hər nə olursa olsun, bu cür qınaqlar başqasına qarşı aqressiyadır, zorakılıqdır. Çünki gözləmədiyimiz halda bu zorakılıqlar sözdən əmələ çevrilə, hətta cinayətlə nəticələnə bilər. Şişirtdiyimi düşünürsünüz? Bu gün cəmiyyətdə baş verən hadisələrə baxın. Dərindən baxsaq, cinayətlərin əksəriyyəti başqasının qınağından qorxduqları üçün törədilmirmi?
Unudulmamalıdır ki, özün qəhrəman, qarşındakı isə axmaq deyil. Nəyəsə baxmaq, təəccüblənmək, dərs götürmək, davranışlarını bəyənməmək və ehtiyac yarandığı təqdirdə tövsiyə vermək olar, amma "mən belə etməzdim" deyərək müqayisə aparmaq, onu sözlərinlə özün kimi davranmağa məcbur etmək düzgün deyil. Axı yuxarıda da dediyim kimi heç bir insan bir-birinə bənzəmir, hətta eyni şəraitdə olsalar belə, dözümü, tabı, baxış bucağı fərqlidir.
Tənqid etməyə çox ehtiyac varsa, elə ilk növbədə özümüzün daxilən bildiyimiz və bəyənmədiyimiz xüsusiyyətimizdən başlamalıyıq.