6-8 dekabr tarixində Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Park Bulvar AVM-in birgə təşkilatçılığı ilə Park Bulvar AVM-də PİYADAYAM: “Yol hərəkəti qaydalarına riayət edək!” şüarı ilə maarifləndirici aksiya keçirilib.
Oxu.Az-a NİİM-dən verilən məlumata görə, tədbir sürücü və piyadaların, uşaqların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması və İntellektual İdarəetmə Sistemi haqqında ətraflı məlumat verilməsi məqsədilə təşkil edilib.
3 gün davam edən aksiyanın bağlanış mərasimində millət vəkili Qənirə Paşayeva, tanınmış teleaparıcı Ceyhun Əli, “Autograph” jurnalının təsisçisi Ramin Musayev çıxış edərək piyadaları və sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və avtomobil idarə edərkən, piyada keçidlərindən istifadə edərkən daha diqqətli olmağa çağırıblar. Daha sonra sevilən sənətçilər Ayaz Qasımov və Sevinc Musayeva öz ifaları ilə aksiya iştirakçılarına xoş anlar yaşadıblar.