Bakıda orta məktəbdə müəllimin şagirddən aldığı pul valideynlərin qəzəbinə səbəb olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakının Müşfiqabad qəsəbəsində Etibar Şirəliyev adına 274 saylı orta məktəbdə özbaşınalıq yaşanır.
Bu barədə redaksiyaya sözügedən məktəbdə oxuyan şagirdin valideyni məlumat verib. O, müəllimələrin birinci sinifə gedən hər şagirddən 20 manat yığdığını bildirib.
Valideyn Milli.Az-a ünvanladığı məktubunda bildirir:
“Etibar Şıxəliyev adına 274 saylı orta məktəb Müşfiqabad qəsəbəsində yerləşir. İbtidai sinif müəllimələri hər 1-ci sinifə gedən uşaqdan 20 manat yığırlar. Hüquqlarını bilməyən valideynlər 20 manat ödəyirlər, pulu verməyən valideynlərə isə məktəb tərəfindən hədə-qorxu gəlinir”.
Məsələ ilə bağlı 274 nömrəli məktəbin direktoru Atakişi Cəfərov Milli.Az-a açıqlama verib və belə bir şeyin məktəbdə heç bir halda ola bilməyəcəyini vurğulayıb.
“Əgər valideyn sübut edə bilərsə hansısa müəllimənin pul yığdığını, həmin müəllimə yerindəcə işdən azad olunacaq. Yaxşı olar ki, elə siz özünüz də bizə kömək edib və müəllimənin kim olduğunu araşdırıb öyrənəsiniz. Əgər bizim əlimizdə xırda bir ipucu olsa, qalanları ilə özümüz məşğul olarıq. Mən inanmıram ki, bizim məktəbdə bu cür hallar yaşansın. Ola bilsin ki, hansısa bir müəllimə nədəsə məqsəd güdərək pul alsın, ancaq inanın ki, həmin müəllimənin bizdə adı olsa, yerindəcə o, öz işindən azad olunacaq, əgər mən bunu etməsəm, mən Atakişi deyiləm. Dövlətimiz bizim üçün yarım milyon pul ayırıb. Müəllimələrin axı nəyinə gərək kimdənsə pul güdsün və yaxud da rüşvət alsın”, - Atakişi Cəfərov bildirib.
Onu da nəzərinizə çatdıraq ki, məktəbdəki problemlə bağlı bir neçə gün öncə Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlasa da, sual cavabsız qalıb.