Bu gün şəhərin istənilən qəbiristanlıqlarında müxtəlif ölçüdə və şəkildə dəbdəbəli və bahalı başdaşılarına rast gəlmək olur. Bir çoxları bunu vəfat etmiş yaxınlarına hörmət əlaməti olaraq verdiklərini deyir. Amma fərqli düşünənlər də az deyil.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, yaxınlarını, əzizlərini başqalarından fərqləndirməyə can atmayaraq bu dəbdəbə yarışına qoşulmayanlar da var. Amma təəssüf ki, onların sayı da azdır.
Belə olmasaydı bu gün şəhər qəbiristanlıqlarını ziyarət edərkən gördüklərimiz fərqli olardı. Amma hələlik müşahidə etdiyimiz sanki memarlıq nümunələrindən fərqlənməyən qəbirlər idi. Uca heykəllər, bahalı abidələr, qara və ağ mərmər, qranit daşlar üzərində mərhumun özəl anlarını əks etdirən fotolar və s. Düzdür “ölsəydim canım qurtarardı” deyimi aktuallığını itirsə də, ölüyə çəkilən xərclərin çoxluğu ilə yanaşı, eyni zamanda dəbdəbəli və bahalı başdaşılarının qoyulmasına üstünlük verənlər gördüyünüz kimi qalmaqdadır.
Bilirsiniz ki, son günlər yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün dövlət qurumları müəyyən addımlar atıb və bu da artıq öz səmərəsini verir. Bəs, görəsən başdaşılarına necə? Növbə çatacaqmı? İslam dinində bu cür qəbirlərin hazırlanması bəyənilməsə də, əksəriyyət öz ölüsünə son vəzifə olaraq bunu rəva görür.
İlahiyyatçı Hacı Fuad deyir ki, bu, sadə bir şəkildə olmalıdır:
“Yalnız sinədaşından ibarət olan, adı və dünyadan köçmə tarixi yazılarsa, dinimiz bununla kifayətlənməyi əmr edən bir dindir. Çünki bunun dünyadan sonrakı mərhələlərdə heç bir faydası olmur. Ona xidmət edəcəyimiz yalnız mənəvi köməklərimiz olmaldır. Bunun kimi mənəvi qazanclarımızı ötürməyimiz daha məqsədəuyğundur”.
Məsələ ilə bağlı qəbirdaşıları istehsal edən sexlərdən birinə üz tutduq və öyrəndik ki, ölçüsündən və sifariş verənin istəyindən asılı olaraq qiymətlər dəyişir. Belə ki, adi qəbirdaşıları 200 AZN-dən yuxarı, qara mərmərdən hazırlanan başdaşılar isə 1200-dən başlayaraq 10 000 AZN-dək yüksələ bilir. Tək sinədaşı qoymaq istəyənlər isə nadir hallarda sexlərə müraciət edir.
Artıq əksər insanlar hüzr mərasimlərində “yemək-içmək” məsələsinin həllindən sonra, qəbiristanlıqda olan bəzi problemlərə də əncam çəkiləcəyi haqda düşünməyə başlayıb. Ümid edək ki, bundan sonra ölülərimizi dəbdəbə ilə fərqləndirməyə can atanlar olmaz.