Bu gün toyun şadlıq saraylarında keçirilmə ənənəsi və onlarda yol verilən israfçılıq heç kəsə sirr deyil.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, toy sahibi ya qohum, ya qonşu, ya da dost-tanış nə deyər deyə, borc-xərc də olsa, ən bahalı şadlıq evində mərasim keçirir.
Şadlıq evindən asılı olaraq isə masaların qiyməti 20-35 AZN-dən, 300-350 AZN-ə qədər dəyişir.
Əgər əvvəl toy sahibini toyun necə keçməsi maraqlandırırdısa, indi yemək menyusu daha vacibdir. Heç şübhəsiz menyudakı yeməklərin sayındakı artım, masanın qiymətinə də bir o qədər təsir edir.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, cəmiyyətdə hələ də qonşudan qalma geri prinsipi hökm sürür. Hər şeyin ən yaxşısını edirik, sonda da toy mərasimindən yığılan pulun 70-80%-i qalır restoranlara.
Dinimizdə də israfçılığa yolvermə məqbul sayılmır. Çünki istər xeyir, istərsə də şər mərasimlərində yol verilən israfçılıq ev sahibinə ziyandan başqa bir şey gətirmir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilk növbədə insanların bu istiqamətdə maarifləndirilməsinə və bu adət-ənənənin də elə insanların özləri tərəfindən aradan çıxarılacağına ümid edir.
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bugünkü toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini təqdim edir. Çünki məcburi şəkildə insana müxtəlif növ yeməklər yedirdilir. Millət vəkilinin fikrincə, bu işlə Mədəniyyət və Turizm Nazirliyi özü birbaşa məşğul olmalıdır.
Hər halda xeyir iş təqdirəlayiqdir. Amma onu da görəndə gərək elə görəsən ki, sonradan peşmançılıq yaşamayasan.