Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Komitə sədri: “ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli sayır və rədd edirik”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsinə münasibət bildirib.
Komitə sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Din Azadlığı Komissiyası adlanan bir qurum var. Komissiya hər il dünya ölkələrindəki dini durumla bağlı hesabat hazırlayır:
“Sözdə beynəlxalq səviyyədə dini azadlıqların pozulmasını monitorinq edərək Prezidentə, Dövlət katibinə və Konqresə müvafiq tövsiyələr verməklə məşğul olan BDAK 1998-ci ildə ABŞ-də müstəqil federal hökumət komissiyası kimi təsis edilib. Komissiya üzvləri Prezident, Nümayəndələr Palatasında və Senatda Demokrat və Respublikaçı liderlər tərəfindən təyin edilir.
Dövlət Departamenti həmin hesabat əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağla açıqlama verir. Beynəlxalq Din Azadlığı Komissiyası neçə ildir ki, hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır. Dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şayiə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz onların diqqətinə çatdırılıb, görüşlər keçirilib, bu məsələlər müzakirə edilib. Beynəlxalq Din Azadlığı Komissiyası 2023-cü ildə ölkəmizlə bağlı dekabrda geniş xüsusi hesabat yayıb. Hesabatdakı bütün məsələlər tərəfimizdən geniş şəkildə təhlil olunub. Dekabr ayının 5-də biz həmin Komissiyaya məktub göndərərək hesabatda qaldırılan məsələlərin doğru olmadığını, qərəzli olduğunu maddə-maddə onların diqqətinə çatdırıb etirazımızı ifadə etmişik. ABŞ-nin Dövlət Departamentinin mətbuatda yayılan bəyanatında Azərbaycanın izləmə siyahısına daxil edilməsi ilə bağlı söylədiyi fikir də həmin Komissiyanın hazırladığı sənədə istinad edir. Dediyim kimi, həmin Komissiyanın sənədinin də tamamilə böhtan olduğu tərəfimizdən bildirilib. Azərbaycanı izləmə siyahısına daxil etmək ifadəsi özü yanlış və gülüncdür. ABŞ-nin Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin səsləndirilməsi bir daha Amerikanın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bu, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil”.
Komitə sədri deyib ki, bütün dünya ölkələri içərisində Azərbaycan dini tolerantlıq və multikultural dəyərlər baxımından örnək ölkə olaraq tanınıb, nümunəvi ölkələrdən biri sayılır:
“Bunu yalnız biz demirik, bunu ölkəmizə gələn, buradakı dini mühiti öyrənən, o cümlədən xarici ölkələrdə keçirdiyimiz tədbirlər, görüşlər zamanı Azərbaycan haqqında geniş məlumatı olan hər bir şəxs deyə bilir. Azərbaycan dünyəvi, tolerant, multikultural ölkədir. Onu da qeyd edim ki, adıçəkilən Komissiyanın 2023-cü dekabr ayında yaydığı açıqlamadakı məqamların qərəzli olması ilə bağlı Azərbaycanda olan qeyri-müsəlman icmalarının aparıcı qurumları xüsusi bəyanat yayıblar və bunu etiraz olaraq həmin Komissiyaya göndəriblər. Eyni zamanda, Azərbaycanda olan ayrı-ayrı dini konfessiyaların rəhbərləri də həmin vaxt mövqelərini ortaya qoyublar. İndi Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyasının hazırladığı qərəzli hesabata istinad edərək bu cür açıqlama verməsi tərəfimizdən tamamilə rədd edilir, bu, qəbuledilməzdir. Hesab edirik ki, bütün bunlar Azərbaycana, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Əgər dini baxımdan izləmə lazımdırsa, bu baxımdan ən izləniləsi ölkələrdən biri Ermənistandır. Bu gün ABŞ-nin ermənipərəst mövqedə dayanan bəzi siyasi dairələrinin görməli olduqları ölkələrdən biri Ermənistan olmalı idi. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik, monodin olan Ermənistanda ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində Qarabağı işğal altında saxladığı zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına daxil etmək nə ədalətə, nə insanlığa, nə də siyasətə yaraşır”.
Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda dini sabitlik hökm sürür:
“Müxtəlif dini konfessiyalar arasında harmonik və birgə fəaliyyət, birgə bəyanatlar, açıqlamalar verilir. Müsəlman dini icmaları ilə qeyri-müsəlman dini icmalarının birgə fəaliyyət göstərdiyini, ümumilli, ümumdövlət məsələlərində birgə olduqlarını hər zaman görürük. Vətən müharibəsi dövründə də bunu gördük. Azərbaycanda dini mühitə xaricdən müdaxilə etmək, dinlərarası, məzhəblərarası qarşıdurma yaratmaq istəyənlər hər zaman iflasa uğrayıblar. Ona görə ki, Azərbaycanda dini mühit ənənələrə və tolerantlığa söykənir. Dövlət Departamentinin həmin Komissiyanın məlumatlarına istinadən bu cür fikirlər səsləndirməsini, dini mühitimizlə bağlı qərəzli mövqeyi nümayiş etdirməsi qəbuledilən deyil. Komissiyada erməni lobbisinin nümayəndələrinin olduğu, onların məxsusi şəkildə bu cür qərəzli informasiyalar hazırladığını və erməni lobbisinin təsirlərini görə bilərik. Bizim sözügedən Komissiyanın hesabatına qarşı faktlarla bənd-bənd hazırladığımız müddəalarda qərəzlər sübuta yetirilib. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq bununla bağlı öz mövqeyimizi Komissiyaya göndərmişik. Dövlət Departamenti vasitəsilə yayılan məlumatlara da öz qəti etirazımızı rəsmi şəkildə ifadə edəcəyik. Dini baxımdan izlənməli olan ölkələrdən biri bəlkə də elə Amerika özüdür. Çünki ABŞ-də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisənin olduğu hamıya bəllidir. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-da dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.
Həmin Komissiyanın özü Amerikada bir alət rolunu oynayır, bu alətdən də başqa ölkələrə təzyiq göstərmək üçün istifadə edilir. Bu cəhdlər əbəsdir!”