Bakıda “VAZ-2107” markalı avtomobil tərəfindən törədilən bu qəza Neftçilər prospektində – Dəniz Vağzalının qarşısında baş verib.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza nəticəsində bir neçə avtomobil əzilib.
“28 may” tərəfdən sürətlə hərəkət edən “07” Dəniz Vağzalının qarşısındakı dayanacağa qəfil hücum çəkir. Sürəti azalda bilməyən sürücü əvvəlcə orada dayanmış bir avtomobilə çırpılır. Yola paralel dayanmış maşın zərbənin təsirindən yerində fırlanaraq cərgəyə girir. Bu zaman başqa iki avtomobilə də toxunaraq əzir.
Qeyd edək ki, həmin ərazidə 7 zolaqlı yol var. “07”nin sürücüsü hansı təfəkkürlə 7 zolağı keçib dayanacağa girmək istəyir, onu başa düşmək olmur.
Təqdim etdiyimiz bu videodakı ikinci yol qəzası Vaqif küçəsində qeydə alınıb. “Gənclik” metrostansiyası tərəfdən sürətlə hərəkət edən qara rəngli avtomobil svetoforun qırmızı işığında hərəkət edir. Çünki onun vurduğu ağ maşın hərəkətə başlayarkən digər avtomobillər də hərəkət edir. Deməli, həmin istiqamətdə yaşıl işıq yanır. Lakin qara avtomobil qırmızı işığın yanmasına və həmin ərazidə DYP əməkdaşının olmasına baxmayaraq, qırmızı işıqdan keçib və qəza törədib. Qəza nəticəsində hər iki maşın əzilib. Polis əməkdaşları isə hadisə yerinə gələrək sürücülərə yardım göstərirlər.