Çörəyin tərkibinə müxtəlif maddələrin qatılması, çəkisinin az olması haqqında məlumatlar tez-tez gündəmə gəlir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, onların hansı şəraitdə hazırlanması və insanlara satılmasından xəbərsizik.
İlk olaraq Ramana kəndində yerləşən əcnəbi tərəfindən idarə olunan sexə baş çəkdik. Sexin işçisi isə qapını açmağa mane oldu.
Mübahisə sakitləşəndən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının köməyilə sexə daxil ola bildik. İçəri daxil olan kimi də sexin həyətindəki antisanitar vəziyyət gözümüzdən yayınmadı. Qablar çirkli, sobalar bərbad vəziyyətdə, bərəkət olan un məmulatları ayaq altında.
İçəridə üfunət iyindən dayanmaq mümkün deyildi. Hazırlanan bulkaların üzərinə istehsal tarixi 07.09.14 tarixi yazılıb və qablaşdırılıb. Halbuki bu gün ayın 4-dür. Qabların çirkli olması isə ayrı bir məsələdir. Onlara baxan kimi artıq vəziyyət bəlli idi. Bəlkə də bu qablar sex fəaliyyət göstərəndən yuyulmurdu.
Dövlət Nəzarəti Xidmətinin baş məsləhətçisi Zaur Kərimov dedi:
“Qablara baxın, hələ bulkalar üçün xüsusi qutular olmalıdır, amma buradakı qutuların üstünə yumurta qutuları yazılıb. Buranın heç sənədləri də yoxdur, antisanitar vəziyyətdir”.
Yolumuzu davam etdiririk. Bu dəfə isə Binəqədidə yerləşən şirniyyat sexinə üz tutaraq. Əvvəlki sexlə müqayisədə burada vəziyyət nisbətən yaxşı idi. Amma sözügedən şirniyyat sexinin sənədləri yox idi. Heç bir qanuni sənədi olmayan sex işçiləri isə bunu yeni fəaliyyətə başlamaları ilə izah etdi. Komitədən bildirdilər ki, bir il bundan əvvəl həmin müəssisə bağlanıb və yenidən gizli şəkildə fəaliyyətə başlayıb.
Baş məsləhətçi Elməddin Quliyev dedi:
“Burada da biz hələ tam bilmirik ki, bu məhsulların tərkibi nədən ibarətdir. Heç kim bilmir bunu. Biz bu məhsullardan nümunə götürmüşük. İndi aparıb baxacağıq ki, görək vəziyyət nə yerdədir”.
Komitədən onu da bildirdilər ki, bu cür məhsullar istehsal edən müəssisələrin rəhbərləri cəzalandırılacaq və onlara qarşı lazımi tədbirlər görüləcək. Bulka istehsal edən sex isə böyük ehtimalla bağlanacaq.