Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pediatr: "Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdırlar?"
Azərbaycanda yeni doğulan körpələrin xəstələnməsi, 1 yaşına qədər ölüm hallarının çoxalması və anadangəlmə xəstəliklərlə doğulan uşaqların sayında kəskin artımlar var. Müasir dövrdə səhiyyə günbəgün bütün dünyada inkişaf etməkdədir. Amma xəstə doğulan uşaqların sayı nədənsə bizdə ilbəil artır. Bu da cütlüklərdə narahatlıq yaradır. Nəinki cütlüklər, dövlətin sağlam inkişafında uşaqların mühüm yer tutduğunu nəzərə alsaq, onların təməl sağlamlığı vacib sayılır.
Bəs yeni doğulan körpələrin ölümü, xəstə doğulmasının səbəbləri nələrdir?
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, pediatr Vaqif Qarayevin sözlərinə görə, hamiləlik dönəmində qadınların vaxtında müayinələrə getməməsi xəstə uşaqların doğulmasının səbəblərindən biridir.
"Hamilə qadınlar ginekoloqların dediyi vaxtlarda müayinələrə gedirsə, bir çox şeylərin qarşısını almaq olur. Ümumiyyətlə, 9 ayda bir dəfə də həkim qapısını döymürsə, hamilə qadınlarda nə desəniz tapmaq olur. Ən vacib məqamlardan biri də yeni doğulan uşaqlarda tətbiq olunan daban testidir. Bizdə daban testi 5-6 xəstəliyi aşkar edir, amma dünyada 50-60 xəstəliyi təyin edə bilirlər. Rəsmi rəqəmlər göstərir ki, daban testindən aşkar olunan xəstəliklərin əksəriyyəti əqli qüsurdur. Dövlət xəstəxanasında da hamilə xanımlar doğuşdan sonra onu tələb etməlidirlər ki, daban testi aparılsın. Daban testi ilə vaxtında aşkar olunan xəstəliklərin inkişaf etməsinin qarşısını almaq olur".
Mentalitet, paslı düşüncələr...
1 yaşa qədər uşaqların ölümünə gəldikdə isə, həkim bildirir ki, bu ölümlərin sayının çox olması səhiyyənin keyfiyyətinin, tibbi xidmətin zəif olmasının göstəricisidir. Vaqif Qarayev həm də uşaqların xəstələnməsi və ölümlərinin səbəbini cəmiyyətimizin hələ də paslı düşüncələrdən asılı olması ilə əlaqələndirib:
"Bizdə 40 gün uşağı həkimə göstərməmək kimi heç nəyə yaramayan bir adət qalıb. Bu 40 gündə də həmin uşaqda bir çox xəstəliklər, nasazlıqlar ola bilər. Bu adəti birdəfəlik yaddan çıxarmalıyıq. Bundan başqa, beynəlxalq təcrübədə ananın 30-dan çox yaşı olması riskli faktor sayılır. Amma bizdə risk erkən nikahlardır. Bunu da adət-ənənələrlə izah edirlər ki, dədə-baba tez evlənib də, nə var ki bunda... Çox şey ola bilər. Hamiləliyi axıra qədər daşıya bilmirlər. Daşıyırsa belə dünyaya sağlam uşaq gətirmir".
Problem sadəcə anada deyil...
Həkim xəstə uşaqların doğulmasında əsas səbəblərdən biri olan genetik faktorlara da münasibət bildirib:
"Bizdə uşağın doğulmasına "Allah verən paydır" deyə düşünürlər hələ də. Bizdə ailə birmənalı olaraq nəsil artırmaq üçün qurulur. Bu belədirsə, o zaman dünyaya sağlam uşaq gətirin də.
Sağlam uşaq sağlam valideynlər tərəfindən dünyaya gətirilir. Bizdə uşaq olmadıqda, xəstələndikdə, hər şeydə günahı qızda görürlər. Bəyəm oğlanlarımız sağlamdırlar? Əlbəttə ki, yox. Son zamanlar kişi sonsuzluğu hədsiz artıb. Amma biz səbəbi ancaq anada görürük. Hamı elə bilir ki, oğlu Koroğludur, Qaçaq Nəbidir, amma yoxlayanda görünür ki, səhhətində ciddi problemlər var. Ona görə də, evlilikdən öncə mütləq cütlüklər çek-up müayinələrdən keçməlidirlər. Bizdə müayinəyə də getmək istəmirlər ki, birdən kimsə deyər bunun uşağında problem var. Bu cür dar düşüncələr isə körpələrimizi təhlükəyə atır".
Rəylər