Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Xəyalə Xudayarova hamiləliklə əlaqədar yaşadığı ciddi sağlamlıq problemlərinə görə akademik məzuniyyətə çıxmaq istəyib. Lakin tələbənin sözlərinə görə, universitet onun ilk müraciətinə imtina cavabı verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Xəyalə Xudayarova toksikozdan əziyyət çəkdiyi üçün dərslərdə iştirak edə bilmədiyini və davamiyyətsizliyə görə fənlərdən kəsildiyini bildirib.
Tələbə müraciəti zamanı həkim arayışını və digər zəruri sənədləri də təqdim etdiyini deyib:
"Ərizəmi və bütün zəruri sənədləri universitetin əsas korpusuna təqdim etdim. Hamiləlik zamanı toksikozdan əziyyət çəkdiyim üçün həkimdən aldığım tibbi arayışı da sənədlərə əlavə etdim. Lakin mənə bildirildi ki, hamiləlik və toksikoz keçərli səbəb deyil. Müraciətimə baxılması ləngidildi və nəticədə ilk ərizəmə imtina cavabı verildi".
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinə müraciət edilib. Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, tələbə ilk ərizəsində soyadını səhv yazıb. Daha sonra ikinci ərizəsini təqdim edib və ona akademik məzuniyyət verilib.