Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Oxu.Az xəbər verir ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi may ayının 14-ü tarixinə tam yekunlaşıb.
Ümumilikdə cari ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 4 ayı ərzində Fondun gəlirləri 988,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,3 % və ya 31,5 milyon manat çoxdur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 % artaraq 564,5 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 370,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 % və ya 31,5 milyon manat çoxdur.
Cari ilin 4 ayı ərzində Fondun xərcləri 965,7 milyon manat olub və bunun 949,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 %-ni əlilliyə görə, 10,9 %-ni isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
Ülviyyə R. Əli
www.oxu.az