2015-ci ilin aprelin 1-nə olan məlumata görə, Azərbaycanda pensiyaçıların sayı 1 milyon 293,2 min nəfər təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Fondun məlumatına görə, ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci il yanvarın 1-nə olan məlumata görə, 1 milyon 290,9 min nəfər olub və aprelin 1-nə olan məlumata görə isə 2,3 min nəfər və ya 0,2% artaraq (o cümlədən yaşa görə 1,6 min nəfər azalıb, ailə başçısını itirməyə görə 0,5 min nəfər, əlilliyə görə isə 3,4 min nəfər artıb) 1 milyon 293,2 min nəfər təşkil edib.
“2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4%-lik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin birinci rübünün sonuna 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44% təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir” - deyə fondun məlumatında deyilir.