Azərbaycan hökuməti qlobla iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, gələn il də fəal sosial siyasət yürüdəcək.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bunu 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi üzrə debatlarda Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, meşə təsərrüfatı, su təsərrüfatı, həmçinin Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının artırılması üçün vəsait nəzərdə tutulub.
“Bundan başqa, büdcə 2014-cü ildə ölkədə pensiya və sosial müavinətlərin orta hesabla 10% artmasını nəzərdə tutur. Ümumilikdə bu artımların maliyyələşdirilməsi üçün büdcədə təxminən 3 milyon ölkə vətəndaşının həyat şəraitini yaxşılaşdıracaq 600 milyon manata yaxın pul nəzərdə tutulub” – deyə, nazir bildirib.
2014-cü ilin büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat səviyyəsində təklif olunur. Büdcə kəsiri 1,679 mlrd. manat təşkil edəcək ki, bu da Avropa standartlarına uyğundur.