Gördüyünüz foto fotoreportyor və bloqqer Mehman Hüseyova məxsus “Humans of Azerbaijan” facebook səhifəsində paylaşılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, fotodakı yaşlı qadın hər dəfə pensiyasını alandan sonra yem alaraq quşları yemlədiyini bildirib:
“Hər dəfə pensiyamı alanda gedirəm 50 qəpiklik yem alıb gəlirəm bura, quşları yemləyirəm. Demək olar ki, həftədə 3-4 dəfə bunları görürəm. Mənə çox doğmadılar: sanki mən uşaq bağçasında müəllim, onlar isə mənim uşaqlarım. Göyərçinlər yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: “Hər bir insan 40-50 qəpik xərcləməklə nə varlı, nə də ki, kasıb olur”. Məni yaşadan bu quşlardır...”
Qeyd edək ki, “Humans of Azerbaijan” səhifəsində Azərbaycanın ən maraqlı insanları haqqında qısa bilgi və foto təqdim edilir.