Piyada keçidlərindən düzgün istifadə həm özünüzün, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi baxımından qanunvericiliyin tələbidir.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu velosipedçilərin piyada keçidlərindən istifadə qaydaları ilə bağlıdır.
Velosipedçilər piyada keçidindən istifadə edə bilərlər?
Qanunvericiliyə əsasən, velosiped sürən şəxs nəqliyyat vasitəsinin sürücüsü hesab olunur.
"Yol hərəkəti haqqında" Qanuna görə, velosipedlər yolun sağ kənar zolağında, yol nişanları və nişanlanma xətlərinin tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadaların hərəkətinə mane olmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə də icazə verilir.
Qanunda həmçinin qeyd olunur ki, velosiped yolu mövcud olduğu halda, velosipedçilərin onunla paralel uzanan avtomobil yolu ilə hərəkət etməsi qadağandır. Səki və piyada zolaqları isə velosipedin sürülməsi üçün nəzərdə tutulmadığından, həmin ərazilərdə velosiped sürmək qanunvericiliyə zidd hesab olunur.
Piyada keçidindən istifadəyə gəldikdə isə, velosipedçi yalnız velosipeddən düşərək onu əlində apardığı halda piyada statusu qazanır və piyada keçidindən istifadə etmək hüququ əldə edir.
Velosipedçi piyada keçidini velosipedin üzərində keçərsə, bu, yol hərəkəti qaydalarının pozulması hesab olunur.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, belə hala yol verən şəxslər 40 manat məbləğində cərimə edilir.