Bu gün Sumqayıtda şəhər İcra Hakimiyyətinin nümayəndələri söz verdikləri kimi ötən şənbə tamamilə yanıb külə dönmüş “Karvan” Ticarət Mərkəzindəki mağazaların sahiblərinin qəbuluna başlayıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, “Karvan”dakı yanğından zərər çəkənlərin qarşısına bazarın sahibi Ağamirzə Əhmədov çıxıb.
Jurnalistlərin suallarını cavablandıran Əhmədov bildirib ki, yanğından zərər çəkənlərə həm Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, həm də Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yardım göstəriləcək.
Əhmədov həmçinin söz verib ki, özü də sahibkarlara əlindən gələn köməyi göstərməyə çalışacaq.
“Ticarət mərkəzində təmir işlərini nə vaxta başa çatdırmağı planlaşdırırsız?” sualına isə bazar sahibi cavab verməkdə çətinlik çəkib:
“Kəfənin cibi olmur”.
Məlumata görə, hazırda yanğından zərər çəkmiş sahibkarların siyahısı hazırlanır. Onların götürdükləri kreditləri ödəmələri də dayandırılıb.
Ticarət mərkəzi sahibinin sözlərinə görə, obyekt 1 milyon manat məbləğində sığortalanıb.