Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 10 namizəd iştirak edir.
Oxu.Az Mediaforum-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildə Azərbaycan Respublikasında doğulan uşaqlar arasında prezidentliyə namizədlərin adaşları da var.
İl başlayandan doğulan uşaqlara qoyulmuş adlar arasında Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin adı ilk yerdə qərarlaşıb.
Rəsmi statistikaya görə, il başlayandan doğulan uşaqlara qoyulmuş adlar arasında prezidentliyə namizədlərin adaşlarının sayı aşağıdakı kimidir: İlham - 99 nəfər, Cəmil - 77, İlyas - 46, Araz - 36, Sərdar - 35, Zahid - 33, Hafiz - 30, Qüdrət - 15, Fərəc - 12, İqbal - 10.
Qeyd edək ki, Azərbaycanda aşağıdakı şəxslərin prezidentliyə namizədliyi təsdiqlənib: hazırkı prezident, YAP-ın namizədi İlham Əliyev, “Ümid” partiyasından İqbal Ağazadə, BAXCP-dan Qüdrət Həsənquliyev, Ədalət partiyasından İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, Ana Vətən Partiyasından Zahid Oruc, ADP-dan Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, ASDP Araz Əlizadə və Milli Şuradan Cəmil Həsənli.