Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq
Hərbi pilot Rəşad Atakişiyevin təyyarə qəzasının səbəbi "qara qutu"nun açılması və məlumatların oxunmasından sonra məlum olacaq.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında politoloq, mərhum hərbçimizin qayınatası Qabil Hüseynli bildirib.
O qeyd edib ki, R.Atakişiyev peşəkar pilot idi:
"Məlumdur ki, qəzaların böyük əksəriyyətində pilotlar katapult edir. Bildiyiniz kimi, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni vaxtda kəsilib. Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönəldiyi təsbit edilib. Hər şeyi aparılan araşdırmaların nəticəsi söyləyəcək.
Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Təyyarə axırıncı dəfə təmir üçün Ukraynanın Lvov şəhərinə göndərildiyi üçün Ukraynadan mütəxəssislər çağırılıb".
Onun sözlərinə görə, "qara qutu" bir qədər zədələndiyi üçün yeni qaba köçürüləcək:
"Məncə, "qara qutu"nun oxunmasında problem olmayacaq".
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.
İlhamə Əbülfət
Rəylər