Bir müddət əvvəl Gürcüstandan qayıtmış dostlarımız digər maraqlı macəralardan başqa, belə bir əhvalatı danışdılar.
Gürcüstan sərhədini piyada keçiblər. Lakin Qırmızı Körpüdən deyil, Laqodexi şəhərinin yaxınlığındakı Niniqori kəndindən, yəni, ucqar bir yerdən.
Elə alınıb ki, uşaqlar vaxtı düzgün hesablamayıblar və gürcü tərəfə axşama yaxın çatıblar. Tbilisiyə avtobus artıq işləmirdi, lakin onlar bunu bilmirdilər. Buna görə də, qarşılarına çıxan ilk taksi sürücüsü onlardan Tbilisədək getmək üçün çox böyük məbləğdə pul istəyib.
Məlum olanda ki, avtobus sabaha qədər olmayacaq, dostlarım çox düşünmədən piyada yola düşblər. Gecə vaxtı.
Yolda başlarına gələn macarəlardan sonra (sərxoş sərhədçilər, boş taksi parkı), elə alınıb ki, yolda turistləri görən gürcü maşını saxlayıb və onları yanacaqdoldurma məntəqəsinədək aparmaq qərarına gəlib ki, orda taksi tapılar. Lakin gecə olduğu üçün məntəqədə nə taksi, nə də adi maşın olmayıb.
O zaman Tamazi (gürcü sürücü) uşaqlara kömək etmək qərarına gəlib. Polisləri tapıb, Laqodexidəki bütün tanış taksi sürücülərinə zəng edib. Nəticəsiz. Sonda Tamazi Laqodexidə yaşayan tanış azərbaycanlı ilə zəngləşib.
“Sənin həmyerlilərin, turistlərdir. Gecə yolda qalıblar, bayırda mənfi 3 dərəcə şaxta var. Tbilisiyə maşın yoxdur. Nə isə etmək lazımdır. Bəlkə evinə çağırasan yaxud da aparasan?”
Cavab isə belə olub: “İstəyirsən özün apar, pulunu al, istəmirsən, qoy özləri bir şey fikirləşsinlər”...
Tamazi uşaqları buraxmayıb, öz evinə aparıb. Evdə onlar qızınıblar (dağ yerlərində yanvarda çox soyuq olur). Və sonra əsl gürcü kimi, Tamazi nahar yeməyi təşkil edib, evdə olan heç nəyi onlardan əsirgəməyib. Azərbaycandan olan qonaqlarla nahar bir neçə saat – gecəyədək davam edib. Gecə şaxtalı havada yollar buz bağlayıb, ağaclar, torpaq donubmuş. Demək lazımdır ki, uşaqlarda yataq kisəsi olub. İkisinə bir ədəd. Və əgər Tamazi olmasaydı, onlar haradasa ağacların altında, yolun qırağında yatmalı olardılar. Və şübhəsiz, bir də onları heç zaman görməzdim.
Səhər Tamazi uşaqları səhər yeməyinə qonaq edib, dayanacağa gətirib və orada öz telefon nömrəsini verərək, Tbilisidə hansısa problemlə qarşılaşsalar, dərhal zəng etmələrini bildirib: “Nə qədər ki, Gürcüstandasınız, mən sizə cavabdehəm”.
Belə əhvalatları mənə danışanda həm kədərlənirəm, həm də qürurlanıram. Kədərlənirəm ki, eyni Vətənin övladları olduğumuz insanlar istənilən uyğun vaxtda sinələrinə döyür, vətənpərvərlikdən dəm vurur, hər kəlmədə milli qonaqpərvərlik adətlərindən danışırlar. Lakin zamanı gələndə çətinliklə qarşılaşmış həmvətənlərinə kömək etmək üçün barmaqlarını da tərpətmirlər.
Ona görə qürurlanıram ki, dünyada gürcü Tamazi kimi xeyirxah və anlayan, hətta tanımadığı insanları dar gündə qoymayacaq, onlara öz qürurlu xalqının layiqli oğlu kimi qayğı göstərəcək insanlar var.
Fotoşəkildə həmin Tamazidir.