Qafqaz Universitetinin rektoru Ahmed Sanıç universitetin bağlanması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, universitetin rektorunun bildirdiyinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatdan hər şey aydındır:
“SOCAR-ın açıqladığı məlumatda bu sualın cavabı var. Ordan hər şey aydın görünür ki, qərar “Araz Kursları” və ümumtəhsil məktəbləri ilə bağlıdır. Yəni Qafqaz Universitetinin orada adı hallanmır”.
Qafqaz universiteti bu il qəbulu davam etdirəcəkmi? sualını A.Sanıç cavabsız qoyub.
Universitetin prorektoru Natiq Paşa isə sualı belə cavablandırıb:
“Qafqaz Universitetinin adı builki abituriyent jurnalında qəbul aparacaq özəl ali təhsil müəssisələri arasındadır. Ona görə də universitetə tələbə qəbulu davam etdiriləcək. Həmçinin SOCAR-ın qərarında ali məktəb qeyd olunmadığından narahatçılığa da əsas yoxdur. Valideynlər də narahat olmasınlar”.
Xatırladaq ki, dünən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.