Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qanun pozuntularına yol verən neçə həkim və klinika cərimələnib? - RƏSMİ
Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları artıb. Maraqlıdır ki, tərkibində cinayət əməli daşıyan vəziyyət hələ də aktualdır. Bunun bir səbəbi də son günlər müxtəlif kurslarda oxuyub sertifikat və ya saxta diplom alan "həkim"lərlə bağlıdır. Dəfələrlə müşahidə edilib ki, həmin şəxslər heç bir ali tibbi təhsil almadan müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərirlər. Bu cür "həkim"lərin bu formada fəaliyyət göstərməsinin nə qədər qanuni olub-olmaması ilə bağlı məlumat vermişdik. Bəs bu kimi qanun pozuntularına yol verən neçə klinika və həkim cərimələnib?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Oxu.Az-a bildirilib ki, 2024-cü il ərzində vətəndaş şikayətləri, dövlət və yerli özünüidarə orqanları tərəfindən müraciət və KİV-də yayılan məlumatlar əsasında AEM tərəfindən planlı və plandankənar yoxlamalar aparılıb:
"Bu müddət ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib".
Qurumdan əlavə olunub ki, aşkar edilən qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin, əsasən, aşağıdakı maddələrinə uyğun protokollar tərtib edilib:
"210.1 (klinikanın lisenziyasının olmamasına görə fiziki şəxslərin 5 min, MMC-lərin 20-30 min manat arası cərimə edilməsini nəzərdə tutur);
215.1 (tibb müəssisəsinin lisenziyadan kənar fəaliyyət göstərməsinə görə vəzifəli şəxslərin 800-1 000, MMC-lərin 6 000-8 000 manat arası cərimə edilməsini nəzərdə tutur);
215.3 (ixtisaslaşmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun qaydalarına uyğun olmamasına görə vəzifəli şəxslərin 800-1 000, MMC-lərin 6 000-8 000 manat arası cərimə edilməsini nəzərdə tutur);
215.4 (həkimlərin beş ildən bir keçirilən sertifikasiya imtahanından keçməyərək, sertifikatsız fəaliyyət göstərməsinə görə 500 manat cərimə nəzərdə tutulur)".
Mərahim Nəsib
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib
- "Ağırçəkili körpələrin tam travmasız, normal doğulması möcüzədir" - AÇIQLAMA
- Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı ARAŞDIRMA BAŞLADI
- Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzində saxta hesabatlar hazırlanır? - ŞİKAYƏT
- Mövsümi xarakter daşıyan qrip virusundan necə qoruna bilərik? - Nazirlik rəsmisi AÇIQLADI
Rəylər