Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu gün qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Şirvan Milli Parkı ərazisində növbəti reyd keçirilib.
Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılıb və onlardan 3 ədəd ov tüfəngi, 1 ördək və adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş 2 turac quşu götürülüb.
Faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılıb.
Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.