“Qaraj” verilişi efirə cəmi bir neçə aydır çıxmasına baxmayaraq, artıq bir çoxlarının sevimlisinə çevrilib. Yay mövsümünün başlanğıcı ilə verilişin efir vaxtı dəyişib.
Oxu.Az proqramın dinləyicilər üçün hansı yenilikləri hazırladığını öyrənmək məqsədi ilə onların qonağı oldu.
“Qaraj”da isə bizi Autograph.az onlayn-jurnalın sahibi və direktoru, məşhur bloqqer və jurnalist Ramin Musayev, məşhurluqda geri qalmayan aparıcı Cavid Osmanov və sirli RJ Elektrik qarşıladı.

- Etiraf edim ki, mən radioefirə çox nadir hallarda qulaq asıram, ona görə də mənə veriliş haqqında elə danışın ki, səhərimi mütləq sizinlə başlayım.
Cavid Osmanov: Müsahibənin sonunda dinləyicilərimizin sayının ən azı bir nəfər də artacağını vəd edirəm. Veriliş haqqında isə demək istərdim ki, “Qaraj” – “AvtoFM” radiosunun və dəvət edilmiş məşhur bloqqer və jurnalist Ramin Musayevin məhsuludur. Bu radio və avtomobil jurnalının simbiozudur deyə bilərik.
Biz kişilərin ən çox sevdiyi mövzulardan olan avtomobil mövzusunda sərbəst söhbət atmosferini yaratmaq istədik. Veriliş sınaq kimi meydana çıxdı, belə ki, Azərbaycanda indiyə qədər bu cür kişi klubu mövcud deyildi. “Elektronikin macəraları” filmini xatırlayırsınız? Orda dostların toplandığı qaraj var idi. Bizim personajımızın adı isə Elektrikdir.
Ramin Musayev: Əvvəllər o bir neçə dəqiqəlik gəlirdi, indi isə tam hüquqlu aparıcıya çevrilib.
Cavid Osmanov: Elədir, indi onu heç cür “Qaraj”dan çıxara bilmirik (gülürlər).
Ramin Musayev: Biz əvvəlcə efirə saat 16.00-dan 18.00-a qədər çıxırdıq, daha sonra efir vaxtımız 15.00-dan 16.00-a keçirildi. Mən öncəgörücülük qabiliyyətimə istinadən zamanla səhər efirinə çıxacağımızı dedim. İndi isə bizim bir müddət sonra, çox güman ki, gecə efirinə keçəcəyimizi deyirəm.
- Bu şou başqalarından nə ilə fərqlənir?

Cavid Osmanov: Məhz aparıcılar ilə fərqlənirik. Bizdə ekspromt həddən artıq çoxdur, improvizə edirik, gündəlik həyatda qarşılaşdığımız mövzularda zarafat edirik, əgər bizi bir adam belə dinləyirsə, verilişin maraqlı olması üçün hər şeyi edəcəyik.
Biz dinləyicilərimizin sözünə də böyük önəm veririk. Onlar hamısı öz fikirlərini deyə bilərlər. Hətta bir dəfə bizi səhvə görə tənqid edən dinləyicimizi studiyaya dəvət etmişik.
Elektrik: O dedi ki, sizi dinləyirəm və səhv etmənizi istəməzdim.
- Hansı əyləncəli rubrikalarınız mövcuddur?
Cavid Osmanov: Həm bizim, həm də ki dinləyicilərin çox sevdiyi rubrikalardan biri “Ramin danış” rubrikasıdır, Musayev uzun müddət susanda, biz bu rubrikanı qoşuruq.
Ramin Musayev: Bu rubrikanı Elektrik yaradıb. Mən burada lətifə danışıram. Lətifələrin rubrikası isə avtomobildir. Daha sonra bunu müzakirə edirik. Bizim “Ay binə” rubrikamız da var, burada isə sürücülərə, bəzən isə piyadalara məsləhətlər verirəm. Biz məzəli formada dinləyicilərə avtomobil mövzusunu çatdırmağa çalışırıq.
Məsələn, sükan arxasında olarkən telefonla danışmamağı təbliğ edirik. Hətta bizim efirə zəng edəndə belə, söhbətə dinləyicimizin sükan arxasında olub-olmaması sualı ilə başlayırıq.
Əgər sükan arxasındadırsa, ondan maşını dayandırmağı xahiş edirik və bundan sonra söhbəti davam etdiririk. Təhlükəsizlik kəmərini bağladıqlarına dair sual isə mütləqdir. Bizim üçün avtomobil mövzusu, avtomobildə təhlükəsizlik mövzusu çox mühümdür. Özüm sürücüyəm və uzun müddətdir ki, sahəvi jurnal dərc edirəm, mənim üçün təhlükəsizlik mövzusu bir nömərli mövzudur.
Bizim yollardakı vəziyyəti müzakirə etdiyimiz rubrikamız da mövcüddur. Bundan başqa Elektrikin apardığı “Xarici termitler” rubrikası da var. Əslində “termit” – “termin” deməkdir, amma buna məhz termitlə deyən adamlar da var. Terminləri bildiyi ilə qürurlanan nə qədər adam var...

Cavid Osmanov: Biz ilk dəfə efirə fevralın 29-da çıxmışıq, indi isə 06.06.16 çıxmağa hazırlaşırıq, ona görə də qorxulu tizerimizlə də seçilirik (gülürlər). Amma bu tarixdən taktiki şəkildə yan keçəcəyik.
- Niyə məhz səhər efiri?
Cavid Osmanov: Səhər efirinə keçməyimizin səbəbi isə ondadır ki, bu artıq yetərincə formalaşmış məhsuldur. Bizə iki saat vaxt verirlər. Buna bir çoxları alternativ yaratmağa cəhd edib, amma biz ölkəmizin radioindustriyasına yeni abu-hava gətirməyə çalışacağıq.
Ramin Musayev: Cünki biz strategiyamızı yumor və pozitiv üzərində qururuq. Burada cavabı asan tapılan suallardan ibarət müsahibə də var, dinləyici ilə yaxşı kontakt alınır. Səhər işə gedərkən, bizi maşında, avtobusda onlayn dinləmək olar.
Biz insanların əhval-ruhiyyəsini qaldırmaq istəyirik, eyni biz texniki veriliş hazırlamırıq.
- Ramin, bunu hətta sizin missiyanız da adlandırmaq olar...
Ramin Musayev: Mən hər səhər öz bloqumda saat doqquzda lətifə yazıram. Nəyə görə? İnsan işə gəlir və kompüteri işə salır, Fecebook-a daxil olur və bu zaman öz lətifəmlə mən meydana çıxıram (gülür).
Mənə çox adam səhəri bununla başladıqlarını deyirlər. Məhz səhər tezdən insanların əhval-ruhiyyəsini qaldırmaq lazımdır. İnsanlar yolda, maşında, avtobusda radioya qulaq asırlar, biz efirə çıxırıq və onların əhval-ruhiyyəsini qaldırırıq. Yəni indiyə qədər Facebook-da etdiyimi radio efirində edəcəyəm.
- Lətifə yazmağa davam edəcəksiniz...
Ramin Musayev: Mütləq. Mən səhərlər saat 9 xəbərlərinə görə verilən fasilədə lətifəni yazıb, daha sonra efirdə səsləndirəcəm.

- Bəs bu tandemdə işləmək necədir?
Ramin Musayev: Biz bir-birimizi yarım sözdən deyil, yarı baxışdan anladığımızı deyə bilərəm, çünki hər zaman nəsə deməyə imkanımız olmur.
Cavid Osmanov: Çünki mikrafon açıq olur...
Ramin Musayev: Ona görə də fikirlərimizi göydə tuturuq. Hətta Natiq Zərbəliyev (“Avtomobil TV” layihəsinin və “AvtoFM”də eyni adlı verilişin aparıcısı) bizə yardım etmək fikrindədir. O, saat 9.00-dan 10.00-a qədər “Qaraj”da bizimlə olmaq istəyir.
Cavid Osmanov: Zərbəliyev ümumiyyətlə bizim yanımıza keçmək istədiyini açıq-aşkar dedi (gülürlər).
- Necə deyərlər yeni mövsümdə dinləyicilər üçün nə hazırlamısınız?
Cavid Osmanov: Bizi artıq görmək mümkün olacaq. Hər ikinci saat studiyada qonaqlarımız olacaq, onları Facebook-da onlayn rejimdə izləmək mümkün olacaq. Bu indi yetərincə aktualdır. Biz tendensiyalara müvafiq olmağa çalışırıq və texniki proqresdən geri qalmaq istəmirik.
- Onlayn radio yaxşıdır...
Ramin Musayev: Biz internet-texologiyaları tətbiq etməyə çalışırıq. Hamı radio dinləyir, biz isə artıq bütün bunları foto və video vasitəsilə də çatdırmaq istəyirik. Yəni verilişdə Facebook, Instagram və Periscope istifadə etməyə çalışırıq. Dinləyicilərimiz həm də studiyada nə baş verdiyini görə bilsinlər. Müvafiq olaraq səhifəmizdə onlayn-suallar yerləşdirəcəyik. Bizə məktub yazırlar, bu, bizə çox lazımdır, çünki dinləyicimizin nə istədiyini və fikirlərini anlamaq istəyirik.
Cavid Osmanov: Biz bir dəfə eksperiment aparmışıq və bir neçə dinləyicini studiyaya dəvət etmişik. İnsanlar dinlədikləri insanları gördülər, görməklə qalmadılar, onlar həmçinin verilişdə iştirak etdilər. Onlar efiri müşahidə edirdilər. Düzünü desəm, burada artıq radioyayımın sirliliyi itir. Mənə elə gəlir ki, radionun TV-dən üstünlüyü məhz sirliliyindədir.

- Bu eksperiment təkrarlanacaq?
Cavid Osmanov: Əlbəttə.
Ramin Musayev: Biz məşhur insanları dəvət edəcəyik. Biz yayıma başladıqda, qonaqları bir saat müddətinə çağırmaq ideyamız var idi. Birinci saatdan sonra onlar bizdən ikinci saata qalmalarını da istəyirdilər. Ürək ağrısı ilə razılaşmalı olurduq (gülürlər). Elə alındı ki, bütün qonaqlar “Qaraj”da iki saat qalırdılar.
- Sizcə səbəb nədir?
Ramin Musayev: Bizdə şən atmosfer yaradılıb, biz zarafat edirik, hərdən çox kəskin zarafat edirik.
Cavid Osmanov: Əsas məqam isə ondan ibarətdir ki, qonağımız verilişdə yalnız dəvətli kimi deyil, eləcə də aparıcı kimi çıxış edir. Çünki bəzi müsabiqələrin suallarını o oxumalıdır.
- Siz yalnız iyundan səhər efirinə çıxacaqsınız. Radioməkanda isə artıq uzun illər boyu efirə çıxan və auditoriyaya malik verilişlər var, rəqabətdən qorxmursunuz?

Cavid Osmanov: Cavab çox sadədir. İnsanlar iki - mühafizəkar və qeyri-mühafizəkar kateqoriyaya bölünürlər. Mühafizəkar insanları yeni bir şeyin onları artıq öyrəşdiklərində daha çox təəccübləndirəcəyinə inandırmaq çətindir, qeyri-mühafizəkarların isə mütləq xoşuna gələcəyik. Bizə qulaq asmaq istyəyənlər, bizə qulaq asacaqlar, qulaq asmayanlar isə zamanla sevəcəklər.
Ramin Musayev: Avtomobil mövzusu mənim sevimli mövzumdur. Mən uşaqlıqdan avtomobillər ilə maraqlanıram, hətta avtomobil dizayneri olmaq istəyirdim və özümü “Autograph” jurnalında və “QarajPro” avto-atelyesində daha sonra isə radioda tapdım.
Mən əminəm ki, bir şeyi istəyəndə, insan ona mütləq nail olur. İlin əvvəlində radioda işləmək fikrinə düşdüm və mənə zəng edib “AvtoFM”ə dəvət etdilər. Mən özüm zarafatcıl insanam, Cavidi və Elektriki gördükdən sonra isə başa düşdüm ki, onlar da zarafat etməyi sevirlər və bacarırlar. Onların zarafatları bəzən daha kəskin olur. Əgər bu insanlarda yumor hissi olmasaydı, heç bir şərt altında onlarla işləməyə razılaşmazdım.
- Müsahibə üçün təşəkkür edirəm.
Səbinə Səmidxan
Foto: Toğrul Seyidov