Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir kişi, iki qadın) aprelin 20-də saat 01:00-da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri tibbi xidmət göstərilib. Bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin olunan iki nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alan daha bir nəfər isə (qadın) ilkin tibbi xidmət göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini - 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı, 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb. Nəticədə minik maşını deformasiyaya uğrayıb.
Qəza zamanı R.Hacımahmudov, onun sərnişinləri - 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, minik maşınının sürücüsü toydan qayıdan zaman qəza törədib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.