Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qazlaşdırılması qadağan olan obyektlərdə təhlükəsizliyə nəzarət necə aparılır? - Faciənin bir ADDIMLIĞINDA
Xəbər verdiyimiz kimi, aprelin 3-də saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verib. Ümumi sahəsi 170 kvadrat metr olan obyektdə baş verən partlayış zamanı 1 nəfər ölüb, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.
Qeyd edək ki, ilkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Gecə klubunun nə üçün standartlara uyğun şəkildə qaz xətti ilə təchiz edilmədiyi müzakirə mövzusudur.
Daha bir müzakirə mövzusu isə sözügedən obyektin standartlara cavab verməyən formada fəaliyyətinə icazə verilməsi və ya bu kimi məsələlərdə nəzarət sisteminin, reydlərin nə üçün aparılmamasıdır.
Gecə klubları nə üçün qazlaşdırılmayıb?
Ümumiyyətlə, təhlükəsizlik tədbirləri standartlara cavab vermədiyi halda həmin obyektlər necə fəaliyyət göstərir?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığımız sorğuya cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Oxu.Az-a açıqlamasında bildirilib ki, mənzillərə, fərdi yaşayış evlərinə qaz verilməsi prosesində standartlara nəzarət 2016-cı ildən bəri qurumun səlahiyyətində deyil:
“2016-cı ilə qədər bu işlərə nəzarət bizim səlahiyyətimizdə olub. Lakin 2016-cı ildən bu proseslərə nəzarət bizdən alınıb. “Azəriqaz” sayğaca qədər olan prosesə cavabdehdir. Sayğacdan sonrakı proseslərin təftişi qanunla bizim quruma qadağan edilib.
Hazırda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə təklif verilib. Təklif budur ki, sayğacdan sonrakı prosesə nəzarət yenidən qazpaylayıcıya, yəni “Azəriqaz”a qaytarılsın. Lakin bu, hələ qüvvədə deyil. Milli Məclis tərəfindən bu təklif qəbul edilərsə və bizim quruma verilərsə, biz bu məsələlərə cavab verə bilərik. Amma ola bilər ki, bu səlahiyyətlər başqa bir quruma verilsin. Ona görə də faktiki olaraq həmin obyektdə nə baş veribsə, ona nəzarət mexanizmi qanunla bizdə deyil”.
Bəs həmin obyektlər niyə qazlaşdırılmayıb ki, propan qaz balonundan istifadə edilib?
Qurum rəsmisi bu sualın “Qaz Təchizatı haqqında” qanunun müvafiq maddəsi ilə tənzimləndiyini qeyd edib:
“Belə ki, qanuna görə, yaşayış binalarının zirzəmisində və birinci mərtəbəsində yerləşən obyektlərin qazlaşdırılması qadağandır. Bu, təhlükəsizlik baxımından belə formada təşkil edilir. Zirzəmi və ya birinci mərtəbədə fəaliyyət göstərən obyektlər kənarda quraşdırılan qazanxananın fəaliyyəti nəticəsində yalnız istilik sistemi ilə təmin oluna bilər. Yaşayış binasının sakinləri istisna olmaqla obyektlərə qaz verilə bilməz. Eyni zamanda sözügedən binanın altından “Azəriqaz”a məxsus heç bir daşıyıcı qaz kəməri keçmədiyi üçün hər hansı qaz sızma səbəbindən partlayış olduğu ehtimal edilə bilməz”.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bu kimi hallarla bağlı mütəmadi aparılan reydlər və bu barədə rəsmi saytlarında yerləşdirdikləri məlumatlar da az deyil. Belə ki, martın 3-də Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilir ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında bir sıra qeyri-yaşayış obyektlərində yanğın-texniki müayinələr keçirilib.
Müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, xüsusilə tələblərə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edildiyi təqdirdə, qayda pozuntuları ilə bağlı obyektlərin cavabdeh şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokollar tərtib edilir. Təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair ərizələr alınır. Bu istiqamətdə tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.
Könül Cəfərli