"Tələbələrdən ödəniş tələb edilməsinin səbəbi 2025-ci ilin başa çatması ilə əlaqədar təhsil üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri qaytarılmasıdır".
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı dövlət sifarişi əsasında (ödənişsiz) təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunmasında adı hallanan Qərbi Kaspi Universiteti verib.
Universitetdən bildirilib ki, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına müvafiq ali təhsil müəssisəsinə ödənilir:
"Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi. Hazırda isə proses Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa tərəfdaşlara köçürülür. 2025-ci ilin sentyabr-dekabr ayları üçün universitetə ayrılan vəsaitin əhəmiyyətli hissəsi xərclənsə də, müəyyən hissəsi qalıq şəklində qalmışdı".
Qeyd olunub ki, universitetin maliyyə fəaliyyəti tədris ili üzrə (sentyabr 2025 - sentyabr 2026) tənzimlənir. Bura laboratoriyaların yaradılması, texniki avadanlıqların alınması və beynəlxalq akkreditasiya xərcləri daxildir:
"Lakin 2026-cı ilin yanvar ayında məlum olub ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılıb. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz".
Məlumatda vurğulanıb ki, məsələ ilə bağlı həm Elm və Təhsil, həm də Maliyyə nazirliklərinə müraciət edilib, lakin hələlik rəsmi cavab alınmayıb:
"Hazırda universitetin 13 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçib. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları və laboratoriyalar üçün xeyli vəsait tələb olunur. Keçən il ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb".
Universitet rəhbərliyi yaranmış vəziyyətdə təhsil müəssisəsinin günahkar olmadığını bildirərək, aidiyyəti qurumların məsələni qısa zamanda həll edəcəyinə ümid etdiklərini diqqətə çatdırıb. İctimaiyyətə gedişat barədə əlavə məlumat veriləcək.
Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında (ödənişsiz) təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunur.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Şikayət edən I kurs tələbəsi bildirib ki, onlara dövlət tərəfindən ödəniş zamanı "borc yarandığı" bildirilib və tələbələrdən siyahıda adlarının qarşısında qeyd olunan məbləği ödəmələri tələb olunub.
"Mən dövlət sifarişi ilə təhsil alıram, qanunvericiliyə uyğun olaraq tam ödənişsiz oxumalıyam. Amma indi məndən tələb olunan pulu ödəmək məcburiyyəti yaradıblar. Deyirlər ki, əks halda imtahanlara buraxılmayacağıq. Hətta qruplarımıza da bildiriş göndərilib", - deyə şikayətçi tələbə bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
"Sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Nəticə barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq. Məlumat üçün bildiririk ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir. Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz", - deyə məlumatda vurğulanıb.