Cəmiyyətimizə xas olan ikiüzlülükdən çox yazmışıq. Təəssüf ki, vəziyyət getdikcə heç də yaxşılığa doğru dəyişmir. İkiüzlülük artıq ikinci natura olaraq, vətəndaşları ümumi çərçivələrə sığmayanları qınamağa və başqa ad verməyə məcbur edir. “Ağ qarğa” olmaq ikiqat qorxuludur.
Məni bu məqaləni yazmağa vadar edən səbəb isə iki qardaşın bir qadını döyməsi haqqında məlumatın işıq sürəti ilə az qala bütün yerli xəbər portallarında yayılması oldu.
Bu hadisənin ən pik nöqtəsi isə hadisənin gecə saatlarında baş verməsi oldu.
Yeri gəlmişkən, bu xəbəri demək olar ki, ani olaraq həm qız, həm də onun atası təkzib edib. Amma indi söhbət ondan getmir, söhbət yalnız qınaq mənbəyi olacaq bu xəbərə cəmiyyətin reaksiyasından gedir.
Mən həmvətənlərimizin bu barədə şərhlərini oxuduqda heç təəccüblənmədim. Aşağıda onlardan bir neçəsini misal gətirirəm:
“Maraqlıdır, saat 5-in yarısı qız küçədə nə edə bilər, bəs valideynlər nə düşünürdülər?”.
“Səhər 04:25-də gənc qız küçədə nə edir???!!! Tərbiyəli, ciddi valideynlərdən kim öz qızına bu saatda diskotekalarda veyillənməyə icazə verər???!!!”.
“Heç kim, heç kimi səhər saat 4-də vurmaz”.
“Elita həyatı istəyirdin? Al gəldi, özün günahkarsan”.
Qeyd edim ki, müəlliflərin stilistikası və orfoqrafiyası ilkin variantda saxlanılıb.
Bu rəylərin çoxu qadınlara mənsubdur, əslində elə onlar anlayıb, şəfqət hiss etməli idilər. Onlar zərif cinsin nümayəndəsinə qarşı bu davranışa etiraz etməli idilər.
Amma yox. Əlbəttə, kompleksli, öz həyatından narazı olanlar üçün gənc, gözəl, təminatlı qadının başına gələnlər sevinməkdən xoş nə ola bilərdi ki?
“Varlılar da ağlayır”, - kök evdar xanım və ya orta yaşlı uğursuz qadın köks ötürərək, növbəti ağlasığmaz rəyi yazır.
Səhər saat 4-də gənc xanım evdən kənarda nə edə bilər? Hər şey.
O, aeroporta gedə bilər, dərman almağa çıxa bilər, tanışının yubileyindən qayıda bilərdi! Ümumiyyətlə, sualın belə qoyuluşu bir az da olsa sivil insanı şoka salır. İnsanlar bu gün bir qızın döyülməsinə bəraət qazandırırlar...
Həm də mən əminəm ki, bu öz gözündə tiri görməyib, başqasında çöp axtaranlar və ya intellektdən kasad olanlardır.
Qadının səhər saatlarında evdən kənarda olması onu vəhşicəsinə döyməyə əsas verdiyini hesab edən insanlar, məncə ruhi xəstədirlər və onları icbari müalicə etmək lazımdır.
Aliyə İsmayılzadə
www.oxu.az