Bakıda əcnəbi hamilə qadının ona edilən jestlə bağlı çəkdiyi video maraqla qarşılanıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yayılan video qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Paytaxtda özəl sektorda çalışan qırğızıstanlı qadın Meerim Esenaliyeva mağazalardan birinə daxil olub və su almaq istəyib. Elə maraqlı anlar da bundan sonra başlayıb:
"Bu dəqiqə mağazaya girdim. Adi bir su almağa. Qiyməti 1 manat 50 qəpik civarındadır. Kassaya gəldim ki, pulu ödəyim. Kartı terminala yaxınlaşdırdım, pul ödənilmədi. İkinci kartı da qoydum, eyni vəziyyət - pul köçmədi. Kassir mənə dedi ki, deyəsən, kartınızda pul yoxdur. Mən dedim yox, var pulum, sadəcə köçürmə edə bilmirəm. Sonda mənə qayıtdı ki, götür, narahat olma. Əgər yadına düşsə, pulu gətirib verərsən. İnanırsınız, mən az qaldı kı, ağlayım. Çünki hamiləyəm və belə bir addım mənim üçün çox dəyərlidir".
Meerim Esenaliyeva ona edilən jest və maraq doğuran videosu ilə bağlı danışıb. O deyib ki, aldığı, sadəcə bir şüşə su deyildi, bu hal əsl insanlıq dərsi idi.
M.Esenaliyeva bildirir ki, videonu çəkərkən bu qədər səs-küy doğuracağını düşünməyib: "Sadəcə mən insanların və insanlığın necə dəyərli olduğunu bildirmək üçün videonu çəkdim".
O əlavə edib ki, ertəsi gün satıcıya yaxınlaşaraq borcunu ödəyib və ona sonsuz minnətdarlığını bildirib.